İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi teatrın binasının əsaslı təmiri və yenidən qurulması ilə bağlı imzaladığı sərəncama görə dövlət başçısına təşəkkür edib. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin təşəkkür məktubunda deyilir:

Möhtərəm cənab Prezident!

Teatrımızın inzibati binasında başlanmış əsaslı təmir işlərinin davam etdirilməsi üçün iki milyon manat vəsait ayrılmasına dair imzaladığınız sərəncam kollektivimizin böyük sevinc hislərinə səbəb oldu. Biz bu addımı ümumazərbaycan mədəniyyətinə və Azərbaycan tamaşaçılarına, xüsusən də İrəvan teatrı teatrsevərlərinə göstərilən qayğının təzahürü olaraq qiymətləndiririk.

Zati-alinizə kollektivimiz adından dərin təşəkkürümüzü və ehtiramımızı bildiririk! Siz xalqımızın hər bir nümayəndəsi üçün əziz və dəyərlisiniz! İrəvan teatrının kollektivinə daima qayğı göstərmişsiniz. Bu qayğı, deportasiya həyatı yaşayan İrəvan Teatrının öz dədə-baba torpaqlarına dönmək arzusunun həyata keçməsinə böyük təkan verir. Biz Sizə hər zaman sədaqətlə bağlıyıq! Bunu bütün fəaliyyətimiz, repertuarımızda yer tutan əsərlərimiz, respublika daxilində və xarici ölkələrdə təmsil olunduğumuz səfərlərimiz zamanı apardığımız təbliğat işləri və ictimai aktuallığımızla yerinə yetirməyə çalışırıq.

İrəvan teatrına həmişə qayğı göstərmiş ulu öndərimiz Heydər Əliyevin ruhu qarşısında hər an sayğı duruşunda dayanan kollektivimiz Sizin varlığınızdan qürur hissi keçirir! Sənətin yaşamasının xalqımızın əbədiyaşarlığını təmin edən amil olduğunu nəzərə alsaq, qətiyyətlə deyə bilərik ki, Sizin sənət və sənətkarlara verdiyiniz dəyər, qiymət və göstərdiyiniz diqqət, qayğı, məhz xalqımızın daima var olacağının təminatıdır!