Rejissor Niyazi Bədəlovun xatirəsi yad edildi

Aprelin 30-da Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə görkəmli kinorejissor Niyazi Bədəlovun anadan olmasının 105 illiyi münasibətilə xatirə gecəsi keçirildi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirdi ki, Niyazi Bədəlov Azərbaycanda milli sənədli kinonun yaradıcılarından olub. Onun filmoqrafiyasına nəzər salanda, müxtəlif sahələrdən sənədli ekran əsərləri çəkdiyini görmək olur. Rejissorun bütün filmləri yüksək peşəkarlığı, öz yozumu, quruluşu, forması ilə seçilir. Niyazi Bədəlovun vaxtilə maraqlı faktları lentə aldığını diqqətə çatdıran Cəmil Quliyev, bu gün sənədli filmlər çəkilərkən həmin kadrlardan istifadə olunduğunu bildirdi.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə çıxış edərək Niyazi Bədəlovun həyat və sənət yolundan söhbət açdı: “Kino tariximizdə elə yaradıcı şəxsiyyətlər var ki, onların yaradıcılığı ictimai həyatla sıx bağlı olub. Belə sənətkarlardan biri də Niyazi Bədəlovdur. Mən onun evində olmuşam, arxivində işləmişəm. O sənədlərlə tanış olarkən bu insanın sənət üçün, xalq üçün necə can yandırdığının bir daha şahidi oldum”.
Qeyd edildi ki, Niyazi Bədəlov 1909-cu ildə Şəkidə anadan olub. Əmək fəaliyyətinə 1927-ci ildə buradakı “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi kimi başlayıb. 1931-1936-cı illərdə Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.
Bakı kinostudiyasında əmək fəaliyyətini davam etdirən gənc rejissor “Sovet Azərbaycanı”, “Ordenli Azərbaycan”, “Gənc nəsil”, “Komsomol nəsli”, “General Həzi Aslanov”, “Dağlıq Qarabağ”, “Məhəmməd Füzuli”, “Hanı mənim övladlarım?”, “Xalq şairi Səməd Vurğun”, “Dağlarda ada”, “Onun adı Serafino idi”, “Xəzər üzərində körpü” - ümumilikdə 40-dək sənədli film, Moskvanın “Novosti dnya”, “Po strane sovetov” kinojurnalları üçün yüzlərlə süjet çəkib.
Niyazi Bədəlov yaradıcılığının ilk illərində sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində yaxından iştirak edib. 1930-cu illərin sonlarında Azərbaycan Dövlət Teatr Texnikumunun kino aktyorluğu şöbəsində kino texnikası fənnindən dərs deyib. Həmçinin respublikamızda həvəskar kino hərəkatının təşkilatçılarından biri olub. Sənətkar 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin sərəncamı ilə özfəaliyyət dram dərnəyi bazasında Salyan Dövlət Dram Teatrını yaradıb.
Tədbirdə Niyazi Bədəlovun quruluş verdiyi filmlərdən fraqmentlər göstərildi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar