Milli Kitabxanada 21 fevral – Beynəlxalq ana dili günü münasibətilə geniş kitab sərgisi təşkil edilib.

Sərginin açılışında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya, Azərbaycan Dillər Universitetinin  Filologiya və Jurnalistika fakültələrinin tələbələri, 87 nömrəli orta məktəbin 9A sinif şagirdləri də iştirak ediblər.

Kitabxananın direktoru, professor  Kərim Tahirov tədbiri açaraq UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması və təbliği məqsədilə təsis edilmiş əlamətdar günün tarixindən danışıb. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmanla hər il 1 avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edildiyini diqqətə çatdıran direktor  Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı müxtəlif vaxtlarda imzaladığı dövlət proqramları  və bu istiqamətdə görülən işlərin dilimizin inkişafına qayğının təzahürü olduğunu vurğulayıb.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova Azərbaycan dilinin geniş təbliğ olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Kitabxananın şöbə müdiri Səyyarə Məmmədli ana dilimizə aid şeirlərini səsləndirib.

Sərgidə Azərbaycan dilinin tarixi zənginliyini, dil mədəniyyətini əks etdirən kitablar, dövri mətbuat materialları, müstəqillik dövründə Azərbaycan dili haqqında imzalanmış fərman və sərəncamlar nümayiş olunur.

* * *

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında da əlamətdar gün münasibətilə “Ana dilimizi sevək” adlı tədbir keçirilib.

Kitabxananın direktoru Oruc Quliyev, direktor müavini Xalidə Musayeva, 175 nömrəli orta məktəbin direktoru Tural Mirzəliyev, digər çıxış edənlər 1999-cu ildə UNESCO tərəfindən təsis edilmiş günün tarixindən, əhəmiyyətindən söz açıblar.

* * *

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyində H.Qasımov adına MKS-nin və V.Əliyev adına rayon Mədəniyyət evinin təşkilatçılığı ilə Beynəlxalq ana dili günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Mahmudlu kənd tam orta məktəbinin, Uşaq musiqi məktəbinin müəllim və şagirdləri iştirak ediblər.