Bölgələrimizdəki digər teatrlar kimi, Qazax Dövlət Dram Teatrı da tamaşaçılarının estetik zövqünə cavab vermək üçün fərqli mövzularda əsərlərə müraciət edir.
Teatrda bu yaxınlarda Xalq şairi Vaqif Səmədoğlunun “İntihar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın premyerası olub. Tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Musa Eyyubov quruluş verib.
Hazırda teatrda yazıçı-dramaturq Əhməd Orucoğlunun “Pul dəlisi” əsərinin məşqləri gedir. Teatrın direktoru Saqif İsgəndərovun bildirdiyinə görə, komediya mart ayının sonunadək tamaşaçıların ixtiyarına veriləcək.
Bu ilin sonunadək Amerika yazıçısı Con Steynbekin “Siçanlar və adamlar” əsəri də səhnələşdiriləcək. Bundan əlavə, İlqar Fəhminin “Son reportaj” əsəri tamaşaya qoyulacaq. Qazaxlı teatrsevərlər ilin sonunadək Xalq yazıçısı İlyas Əfəndiyevin “Büllur sarayda” əsərinin tamaşasını da izləmək imkanı qazanacaqlar.