Şagirdlərin ifasında tamaşa
Fevralın 19-da Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Rəqəmsal dünya. İmadəddin Nəsimi analitik psixologiya müstəvisində” adlı tamaşa təqdim edildi. Rejissor və ssenari müəllifi Pərviz Seyidli və Əməkdar artist Gülər Nəbiyevanın şagirdlərlə birgə ərsəyə gətirdiyi tamaşa tədris ocağının “Nəsimi ili”nə töhfəsidir.
Tamaşa gənclərə Nəsimi dühasını anlamağa yardımçı olmaqla yanaşı, klassik irsimizin təbliği məqsədi daşıyır. Əsər rəqəmlər və azadlıq, insan və zaman, dünən, bu gün, sabah, insanın özünə hesabatı və özünütərbiyəyə dair mesajlar ötürür. Bir tərəfdə rəqəmlərin, rəqəmsal həyatın labirintində azıb qalmış müasir insanın psixoz vəziyyəti, digər tərəfdə rəqəmlərin, hərflərin sirrinə vaqif olan, onu özünə tabe edən İmadəddin Nəsiminin ideyaları. Tamaşada müasir dünyamızda insan anlayışı, gənc nəslin dövrün məngənəsində rəqəmlərə uduzduğu bir zamanda hələ 600 il əvvəl insanların rəqəmləri özlərinə tabe etmələrinin sirləri çözülürdü. Necə yaşamalı, cəmiyyətə necə faydalı olmalı kimi suallar cavablandırıldı.
Nəsimi dühasının şah əsərləri, müasir musiqi və muğam, bədii qiraət və teatral vəziyyət, işıq effektlərinin vəhdətində təqdim edilən tamaşa böyük maraqla qarşılandı. Rejissor müasir insanın Nəsimi anlayışını öz müstəvisində göstərməyə çalışsa da, onun bu addımı bütün tamaşaçılarda maraq doğurdu. Şagird-aktyorların səhnədən Nəsiminin dilindən tamaşaçılara ünvanladığı suallar, bu günün insanını düşündürən və daim narahat edən mövzular idi.
Tamaşadan sonra çıxış edən Milli Konservatoriyanın prorektoru, professor Lalə Hüseynova, ədəbi tənqidçi Əsəd Cahangir, şair, tədqiqatçı Arif Buzovnalı səhnə işi ilə bağlı fikirlərini bölüşdülər. Vurğulandı ki, uşaqların təqdim etdiyi tamaşa həm də onların sənətə, klassik ədəbiyyatımıza olan sevgisinin işartılarıdır. Adi məktəb tamaşasından fərqlənən bu tamaşa maraqlı yanaşmalarla uşaqlara Nəsimini dərk etməyi aşılamaqla bərabər, onların bədii-estetik zövqünün formalaşmasına da kömək edir.
Sonda məktəbin direktoru Aygün Mikayılova tamaşanın hazırlanmasında əməyi olanlara və qonaqlara təşəkkürünü bildirdi.
LALƏ