Görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısı 60 ildən çoxdur sevilə-sevilə ifa edilir, dinləyicilərin könlünü oxşayır. “Yeddi not”da Xalq şairi Rəsul Rzanın sözlərinə yazılan, bəstəkarın ən uğurlu yaradıcılıq nümunələrindən hesab olunan bu unudulmaz nəğmədən söz açacağıq.
Bəzən çəkilən film, yaxud səhnələşdirilən tamaşanın sənət ömrü çox qısa olur. Ancaq o filmdə (tamaşada) səslənən musiqi, mahnı əbədilik yaşamaq şansı qazanır. 1956-cı ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında rejissor, Xalq artisti Tofiq Kazımovun quruluşunda Rəsul Rzanın “Qardaşlar” adlı əsəri səhnələşdirilir. Tamaşanın musiqi tərtibatı Tofiq Quliyevə həvalə edilir. Tamaşa cəmi bir dəfə oynanılır. Səhnə əsərində səslənən mahnılardan birini isə bu gün də nostalji hislər yaşaya-yaşaya dinləyirik. Bu, səsləndiyi gündən tanınmış ifaçıların repertuarında yer alan “Sənə də qalmaz” mahnısı idi.
Tofiq Quliyev xatirələrində Rəsul Rza ilə işləməyin o qədər də asan olmadığını deyir. Çünki şair heç zaman şeirlərində sözlərin dəyişdirilməsinə razı olmayıb. Yeri gəlmişkən, qeyd edək ki, R.Rzanın şeirinə ilk mahnı bəstələyən Asəf Zeynallı olub. Sonralar müxtəlif bəstəkarlar onun sözlərinə populyar mahnılar yazıblar.
Qayıdaq “Sənə də qalmaz”a. Tanqo-caz, qarışıq ritmlər və Azərbaycan musiqi ornamentləri ilə müşayiət olunan mahnını ilk dəfə korifey sənətkarımız, SSRİ Xalq artisti Rəşid Behbudov oxuyub. O, qastrol səfərlərində mahnını rus və fars dillərində də ifa edib. 1956-cı ildə Azərbaycanda yaradılan ilk estrada simfonik orkestri ilə qastrol səfərlərinə çıxan müğənni bu mahnını repertuarına daxil edir. Mahnı sovetlər məkanında böyük şöhrət qazanır. Sonralar Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, Gülağa Məmmədov kimi korifey müğənnilər, eləcə də Sərxan Sərxan, türk əsilli Sami Yusif və başqaları bu mahnını ifa ediblər.
Mahnını ilk dəfə xalq çalğı alətlərinin müşayiəti ilə oxuyan isə Gülağa Məmmədov olub. Buna kimi mahnı fortepiano və estrada simfonik orkestrinin müşayiəti ilə ifa edilib. Vaqif Mustafazadə isə T.Quliyevin bu şedevr əsərinə caz interpretasiyaları qatmaqla yeni ruh gətirib. V.Mustafazadə 70-ci illərin əvvəllərində bu mahnını kvartetlə də ifa edib. Cazmen bəstəkarın bir çox əsərlərini improvizə etsə də, bu əsər onun ifaçılığında xüsusi əhəmiyyət daşıyırdı.
1992-ci ildə Yalta şəhərində keçirilən beynəlxalq müsabiqədə mahnını o dövrdə hələ səhnədə ilk uğurlu addımlarını atan Faiq Ağayev ifa edir və böyük alqışlarla qarşılanır. “Sənə də qalmaz” mahnısı bu gün fərqli aranjimanlarla xarici (əsasən Türkiyə və İran) ifaçıların repertuarında da yer alır.
T.Quliyevin qəlblərə hakim kəsilən, insanı gələcəyi ilə bağlı düşüncələrə qərq edən bu mahnısı əbədi ömür qazanmış xalq nəğmələri kimidir. Zövqlər, duyğular dəyişsə də, nəsillər bir-birini əvəz etsə də, “Sənə də qalmaz” bütün insanlara miras kimi ötürüləcək...
L.AZƏRİ