Kannda birinciliyə iddialıdır
Mayın 14-dən 25-dək Fransanın Kann şəhərində 67-ci beynəlxalq kinofestival keçiriləcək. Xəbər verdiyimiz kimi, “Azərbaycanfilm” kinostudiyasının və “Buta Films” şirkətinin birgə istehsalı olan “Sonuncu” (“The Last One”) qısametrajlı bədii filmi festivalın təşkilat komitəsi tərəfindən əsas proqramda iştirak etmək üçün seçilib. Ümumiyyətlə, 2014-cü ildə müsabiqəyə dünyanın 128 ölkəsindən 3450 kinofilm göndərilib.
“Qısa metr” proqramı üçün seçilən 9 filmdən biri olan ekran əsərinin qəhrəmanı II Dünya müharibəsinin sonuncu veteranıdır. Film Azərbaycan və Rusiya kinematoqrafçılarının layihəsidir. Quruluşçu rejissor Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur.
Fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər. “Qoca hamının sonunu görmüşdü. Dostları, həyat yoldaşı, uşaqları artıq bu dünyada yox idilər. Lakin o, tənha deyildi. Dəhlizdə xırıltılı səslə köhnə bir soyuducu işləyirdi - məhz o, qocaya yaxınlarını əvəz edirdi. O gün həmişəki kimi adi qaydada başlayırdı. Qoca yenə də yuxudan sağ-salamat oyanıb eyvana tərəf gedir. Bu dəfə soyuducu özünü lap pis aparırdı. Qoca bərk hirslənərək televizoru yandırır - o, bunu uzun illərdən sonra ilk dəfə idi ki, edirdi. Və bu, onun bütün həyatını dəyişir...”
15 dəqiqəlik filmin çəkilişləri Şabran şəhərində, Bakının 120 kilometrliyində yerləşən Sura kəndində aparılıb.