Çoxəsrlik tarixə malik tətbiqi-sənət növlərindən olan şəbəkənin yaşadılması və nəsildən-nəslə ötürülməsi, milli incəsənət nümunəsi kimi təbliği üçün müxtəlif layihələr həyata keçirilir, sərgilər təşkil olunur.

Bu qəbildən növbəti sərgi fevralın 20-də Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Gənclər Fondu və C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə reallaşdı. Muzeydə gənc şəbəkə ustası İlqar Rəsulzadənin “Nəsillərdən-nəsillərə ötürülən sənət” adlı fərdi yaradıcılıq sərgisinin açılışı oldu. Müəllifin ilk fərdi sərgisində 50-yə yaxın işi nümayiş olunurdu.

Muzeyin direktoru Sevinc Mikayılova çıxış edərək qədim və zəngin sənət növünün yaşadılmasında müstəsna xidmətləri olan Rəsulovlar nəslindən, onun 4-cü nəsil təmsilçisi – istedadlı gənc İlqar Rəsulzadənin fəaliyyətindən söz açdı. Bildirdi ki, İlqar “Rəsulovlar emalatxanası”nda davam etdirilən bu irsin sirlərinə yiyələnməklə yanaşı, şəbəkə sahəsində öz dəst-xəttini yarada bilib. Şar, kürə formalı şəbəkə, şəbəkədən çilçıraqlar, müxtəlif tədbirlərin loqoları, şəbəkənin ənənəvi, düz müstəvidən çıxarılması, həmçinin, şüşənin müxtəlif materiallarla əvəzlənməsi  onun bu sahəyə gətirdiyi yeniliklərdəndir.

Digər çıxış edənlər – Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadə, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, sənətşünaslar Ziyadxan Əliyev, Natiq Səfərov, tədqiqatçı-rəssam Rafiq Quliyev və başqaları İlqar Rəsulzadənin sənətə olan sevgisindən, bu yaradıcılıq növünə gətirdiyi yeniliklərdən söz açdılar. Gənc şəbəkəçinin tətbiqi sənət sahəsində ilk dəfə olaraq müəllif hüquqlarının qorunması sahəsində patenti, eskizlərə şəhadətnamələr alması qeyd edildi.

Onun  dünyanın tanınmış sənətkarları Oskar Murillo və Reza Degati ilə işbirliyi, Ukraynada, Gürcüstanda yerləşən kilsələrdə, Vatikanın Qafqaz üzrə nümayəndəliyində, habelə Şəkixanovların ev-muzeyi, Gəncədə Şah Abbas məscidi, Bərdə türbəsinin bərpasında, Yevlax və Tərtər şəhərlərində Heydər Əliyev muzeyinin tərtibatında yaxından iştirak etdiyi bildirildi.

Sonra söz müəllifə verildi. Sərginin təşkilatçılarına təşəkkürünü bildirən şəbəkəçi bildirdi ki, istənilən yaradıcılıq sahəsi, xüsusən də mürəkkəb konstruksiyalı şəbəkə sənətini müasir nəsillərə, dünya sərgilərinə çıxarmaq üçün ənənəviliklə yanaşı, çağdaş forma və üslubların seçilməsi vacibdir. O, atası Tofiq Rəsulov, həmçinin babası, SSRİ Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Əşrəf Rəsulovdan keçən bu zəngin irsin sirlərinin yaşadılması və qorunması üçün üzərinə düşən vəzifəni bundan sonra da icra edəcəyini dedi.

Çıxışların ardınca sərgiyə baxış oldu. Sərgidə gənc rəssamla yanaşı babası Əşrəf Rəsulov və atası, bərpaçı-rəssam Tofiq Rəsulovun da əl işləri nümayiş olunurdu.

HƏMİDƏ