Yox olmaq təhlükəsi altındadır
Fevralın 21-i dünyada “Beynəlxalq ana dili günü” kimi qeyd olunur. Bu gün 1999-cu ildə UNSECO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib.
Bu günün tarixi isə 1952-ci il fevralın 21-22-də dörd banqladeşli gəncin Şərqi Pakistanda (o vaxt Banqladeş hələ Pakistandan ayrılmamışdı) benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində həlak olması ilə bağlıdır.
Banqladeş müstəqil olandan (1971) sonra 21 fevralı ana dili uğrunda həlak olan insanların xatirəsinə ehtiram əlaməti kimi qeyd olunması haqqında BMT-nin təhsil, elm və mədəniyyət təşkilatına müraciət etmişdi. UNESCO Baş konfransı bu müraciət əsasında 21 fevralı “Beynəlxalq ana dili günü” elan etdi.
Beynəlxalq ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
BMT-nin yaydığı məlumata görə, dünyada mövcud 6 min dilin 43 faizi yox olmaq təhlükəsi altındadır. Bunun başlıca səbəblərindən biri həmin dillərdə təhsilin olmamasıdır. Məhv olmaq təhlükəsi ilə üzləşən dillər arasında Şimali Qafqazda qaraçay-balkar dili, Xorasan türkcəsi, Qaqauz, Krım-tatar, Gürcüstanda svan, habelə irland dili, sami, Yeni Zelandiyada yerlilərin danışdığı maori, Latin Amerikasında kurripako dilləri var.
Beynəlxalq ana dili gününün builki mövzusu dayanıqlı inkişafa nail olmaqda, sülh və barışıq əldə etməkdə yerli xalqların dilinin qorunmasının vacibliyinə həsr olunub. Əlamətdar gün münasibətilə UNESCO-nun baş direktoru Odre Azule dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə diqqətə çatdırılır ki, dünya əhalisinin təxminən 40 faizinin öz ana dilində təhsil almaq imkanı yoxdur. Bilik qazanmaq və digər dilləri öyrənmək prosesinin asanlaşmasında ana dilini yaxşı bilməyin əhəmiyyəti elmi cəhətdən əsaslandırılsa da, təəssüf ki, təhsilin ilk illərində ana dilindən çox az halda istifadə edilir.