Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib

1992-ci il fevralın 26-da erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törətdiyi dəhşətli soyqırımından 27 il ötdü.

Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca xüsusi vəhşiliklə qətlə yetirilib. 1275 sakin erməni əsirliyinin dəhşətlərini yaşayıb. Qırğın nəticəsində 130 uşaq yetim qalıb, 8 ailənin bütün üzvləri öldürülüb.

XX əsrin son onilliyində dünyanın gözü qarşısında baş verən bu faciə bəşəriyyətin vicdanına yazılan, insanlıq və ləyaqət lövhəsinə vurulan qara ləkədir. Bu acının miqyası sonsuz, yaddaşımızda yeri silinməzdir...

* * *

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak ediblər.

Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Ümumxalq yürüşünün iştirakçıları qanlı qırğının günahsız qurbanlarının – xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkilləri, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlar və transparantlar tutmuşdular. Yol kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Viran edilən Xocalı yenidən dirçələcək” və s. şüarlar nümayiş etdirilirdi.

Ümumxalq yürüşü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı davamlı işin bir mərhələsidir. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bəşəriyyətin gözü qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.

* * *

Xocalı soyqırımı qurbanlarının abidəsinin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva abidənin önünə tər güllər qoydular.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.

* * *

Ümumxalq yürüşündə Rusiyadan gələn nümayəndə heyəti də iştirak edirdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rusiyadan gələn nümayəndə heyəti ilə görüşüb söhbət etdilər.

Heyətə Rusiya Federasiyası Dövlət Dumasının üzvləri, tanınmış politoloq, yazıçı və jurnalistlər daxildir.

Sonra Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” kanalına müsahibə verdi.

* * *

Tarixi faktlar göstərir ki, azərbaycanlılar erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, əzəli torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində başlanan Dağlıq Qarabağ münaqişəsi və işğalçılıq müharibəsinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı oldu.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə müharibədən əvvəl 7 min insan yaşayırdı. 1991-ci ilin oktyabrından şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alınmışdı. 1992-ci il fevralın 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Bu müdhiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn  və müvafiq konvensiyaların kobud şəkildə pozulmasıdır.

Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı ilə bağlı gerçəklər geniş beynəlxalq ictimaiyyətə çatdırılır. Bu istiqamətdə aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Hər il olduğu kimi, bu il də Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilib,  Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılıb, sənədli filmlər nümayiş etdirilib, sərgilər təşkil olunub.

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda növbəti ümumxalq yürüşü dünya ictimaiyyətinə bir mesajdır ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü bərpa edəcək. Ordumuzun mübarizə əzmini təsdiq edən 2016-cı ilin Aprel döyüşləri və ötən ilin mayında Naxçıvan əməliyyatı sübut etdi ki, torpaqlarımız yağı düşməndən azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaq...