Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Tədbirdə Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin diplomatları, beynəlxalq təşkilatların təmsilçiləri, rəsmilər, elm, mədəniyyət xadimləri, soydaşlarımız iştirak ediblər.

Əvvəl iştirakçılar foyedə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına həsr olunmuş kitablar və fotosərgi ilə tanış olublar.

Səfir Hüseyn Quliyev soyqırımının ağır nəticələri haqqında danışıb. Sonra Özbəkistan Xalq Çalğı Alətləri Kamera Orkestrinin ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən konsert-rekviyem keçirilib. Bədii rəhbəri professor Firuzə Abduraximova olan konsertdə klassik Azərbaycan bəstəkarları - Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Asəf Zeynallı, eləcə də özbək bəstəkarlarının əsərləri səslənib. Beynəlxalq festivallar laureatı Səncər Kadirov “Ayrılıq”, “Darıxıram sənin üçün, Şuşam” əsərlərini ifa edib.