Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 25-də Heydər Əliyev Sarayında anım mərasimi keçirilib. Tədbirdən öncə Xocalı soyqırımından bəhs edən kitab stendinə baxış keçirilib. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinə ən faciəli səhifələrdən biri kimi daxil olduğunu bildirib, bu qətliamın dəhşətli nəticələrindən bəhs edib. Direktor ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması və tanıdılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, ərsəyə gələn nəşrlər, filmlər, sərgilər, müxtəlif ölkələrdəki diaspor təşkilatlarımızın keçirdiyi aksiyalar barədə danışıb.
Tədbirdə çıxış edənlər Xocalı qurbanlarının xatirəsinin qan yaddaşımızda əbədi yaşayacağını vurğulayaraq Ermənistanın işğalçı qüvvələri tərəfindən bir gecədə 613 dinc sakinin amansızcasına qətlə yetirilməsinin bütövlükdə bəşəriyyət, insanlıq əleyhinə cinayət olduğunu bildiriblər.
Tədbirin sonunda soyqırımının dəhşətlərini əks etdirən “Xocalı – əsrin faciəsi” adlı sənədli film nümayiş etdirilib.