Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə soyqırımının dəhşətlərindən söz açılıb. Sonra rejissor Elçin Musaoğlunun Qarabağ müharibəsi mövzusunda çəkdiyi, milli ruhdan bəhs edən “Nabat” bədii filmi nümayiş olunub. Ekran əsəri 2014-cü ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Tədbirdə Daxili İşlər Nazirliyi Polis Akademiyasının, Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin, Bakı Xoreoqrafiya Akademiyasının müəllim və tələbə heyəti iştirak edib.
* * *
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Xocalıya ithaf” adlı tədbir təşkil olunub.
Tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, şöbə müdiri Xanım Abdinova çıxış ediblər.
Sonra Bakı Musiqi Akademiyasının professoru Leyla Məmmədəliyeva (fortepiano), akademiyanın əməkdaşı Güllübəyim Məmmədova (vokal), tələbələr Gülşən Akın-İbadova (vokal), Aydan Rüstəmzadə (violonçel), Mədinə Süleymanzadə (fortepiano), Maqsud Musazadə (fortepiano), Azərbaycan Dövlət Musiqili Teatrının konsertmeysteri Arzu Hüseynova (fortepiano), beynəlxalq müsabiqələr laureatı Nurlan Cəfərov, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Rəna Zəkiyeva (fortepiano) və şagirdi, beynəlxalq və respublika müsabiqələri laureatı Pərvin Vəlizadənin (tar) iştirakı ilə Xocalı şəhidlərinin xatirəsinə ithaf olunmuş musiqi proqramı təqdim edilib.
* * *
Zərdab rayon Həsən bəy Zərdabi muzeyində “Göynəyir sinəm, Xocalı” adlı tədbir keçirilib.
Muzeyin direktoru Vəfa Bayramova və digər çıxış edənlər Xocalı soyqırımının xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıblar.
Zərdab şəhər 1 saylı məktəb-liseyinin 5-ci sinif şagirdləri Xocalıya həsr olunmuş kompozisiya ilə çıxış ediblər.