klassik ədəbiyyatşünaslıq və tərcüməçiliyimizin şanlı nümayəndələrindən, ədəbi tənqidimizin tərifli sütunlarından – Əkbər Ağayev

Yaşlı oxucularımızın yaxşı xatırladıqları sovetlər dönəmində tək elə realist ədib yox, müəllimlik də etməyə məhkum alim (və onların dinləyici-oxucu tələbəsi) olmaq da məşəqqət idi; onlar Nizami-Füzuli aləmlərindən yazanda, “Leyli-Məcnun”, “Əsli-Kərəm” məhəbbətlərindən, dulusçuluq-keçəçilik peşələrindən, xalça-palaz, muğam-avaz sənətlərindən danışanda belə, NKVD-KQB sənədlərinə düşməməkçün, mütləq sovet-sosializm mütləqiyyəti banilərindən “mübarək” sitatlar gətirməli idilər...

Bu böyük müəllim-alim isə, məhz bu “zərurət”ə görə, hər biri 45 dəqiqədən ibarət akademik saatların 5-də 1-ni “nə var-nə yox”a həsr edərdi. Geniş məlumat-bilik diapazonuna malik bu mahir pedaqoqun çox yanım-dönümcül, bədnəzərdən gizli saxlamağa cəhd etdiyi çox milli-xəlqi bir ürəyi də vardı. Onun ali məktəblərdə apardığı “xarici ədəbiyyat tarixi”, “tənqid tarixi” və s. kurslarına ümumbakı tələbələrinin bütün milli-təəssübkeş qismi müştaq idi. Nədən ki o, “auditoriya divarları”nı sosializm yüklü frazeoloji-metodoloji (və o çağ tələbələrinin “mədəni jarqonlar”ından olan “basmaqəliboloji”) sarıdan bezikdirmiş “leksiyaçı”lardan deyildi. Məsələn, bu bənzərsiz pedaqoq, dərs deməyə başladığı hər yeni kurs tələbələrinə ədəbiyyat siyahısı yazdırırkən, hər dəfə də bir çəmlə deyərdi: “Uşaqlar, bizim kitablarımızdakı ilk iki-üç abzasdan sonrakı fikir və müddəaları tamam başqa bir diqqətlə oxuyun”. Hələ bəzən (auditoriyada “qulaq” olmadığına əmin olduğu macallarda), qayıdardı ki, “mühazirələrdə müəllimlərin yerə yox, üzünüzə baxa-baxa dediyi mətləbləri xüsusi diqqətlə dinləmək gərək...”

Tələbə-müəllim xəttindən söz düşmüşkən, filologiya elmləri doktoru Vaqif Yusiflinin bir xatirəsinə işıq tutaq: “Əkbər Ağayev çox məlumatlı adam idi və o zaman hətta heyrətə gəlirdik ki, bu insan, necə ola bilər, klassik ədəbiyyatı da, müasir ədəbiyyatı da eyni dərəcədə mükəmməl bilsin, dünya ədəbiyyatına dərindən bələd olsun. Onun “Xarici ölkələr ədəbiyyatı”ndan mühazirələri o qədər maraqlı, o qədər canlı keçirdi ki, biz özümüzü XIX əsr Avropasında hiss edir, Balzakın “səfilləri”nə qoşulur, “Şaqren dərisi”nə bürünür, Bayronun romantik qəhrəmanlarının arxasınca gedib Yunanıstanda üsyanlara qatılırdıq…” 

Bəli, mükəmməl qəzetçilik, ecazkar tədqiqatçılıq, çox məhsuldar tərcümə, tənqid və təşkilatçılıq seçkinlərindən də olmuş bu fenomen bütün şüurlu ömrünü canlı mühazirə, təlim-tədris MÜƏLLİMi kimi yaşadı. 

Yaxın gələcəyin adlı-sanlı tənqidçisi də olası “zərgər qələmli” alim elə tələbə ikən öz bənzərsiz elmi təfəkkürü, müdrik-müstəqil fikiryürütmə qabiliyyətilə seçilib. Tələbkar oxucu cameəsi tənqid və ədəbiyyatşünaslıq meydanındakı ağır-artillerik qələm sahibləri (M.Arif, M.Cəfər, M.Rəfili, F.Qasımzadə, Ə.Sultanlı, H.Araslı, C.Xəndan və b.) sırasında parlaq bir “Əkbər Ağayev” imzası ilə də tanış olub. Bu imzanın “ilk qələm təcrübəsi”nin (özü də, məlum “repressiyaçağı” dönəmində!) Əhməd Cavadın U.Şekspirin “Otello”sunun tərcüməsinə həsri (və o mənhus alovdan necə xilas olması) isə hələ də tapılmamış bir tapmaca... 

…İllər keçdikcə bu “dəlioğlan” alim də yumşalmalı olur. Əlbəttə, öz canı hayına yox, bəzi milli dəyərli sənət nümunələrimizi “işə keçirmək” naminə. Məsələn, Y.V.Çəmənzəminlinin “İki od arasında” adı ilə (1937) yazdığı romanı bu tərtibçi (“zorən ehtiyatkarlıq” ucbatından) “Qan içində” adlığıyla nəşrə hazırlayıb…

 

Fikrimcə;

 

tələbəlik “era”sı yaşamış hər kəsin qəlbində elə müəllimlər olur ki, onları ömrü uzunu xatırlayır, haçansa barələrində yazmaq (və ya yazdırmaq) istəyirsən. Əkbər Ağayev mənimçün bu qəbil üç müəllimdən biridir. Mir Cəlal və Şirməmməd Hüseynovdan yazmışam, şükür ki, bu qırx beş illik borcumdan da çıxmaq dəqiqələrindəyəm.

Yeri gəlmişkən, bu adamın özü də (yetmiş dörd illik ömründə), bir sıravi insan kimi, yalnız ən xeyirxah işlərlə, bir alim olaraq ən gərəkli mətləblərin, ən məşhur insanların tədqiqi, bir tərcüməçi kimi – yalnız bütün dünya tərəfindən birmənalı qarşılanan müəlliflərin dilimizə çevirimilə məşğul olub. Məsələn, tərcüməçilik görəvinə məxsuslardan bir neçəsini xatırlayaq: A.Puşkin, M.Lermontov, A.Çexov, L.Tolstoy, V.Belinski, A.Qaydar, N.Karamzin, D.Defo (“Robinzon Kruzo”), J.Vern (“Arxipelaq alovlanır”), Ç.Dikkens (“Oliver Tvistin macəraları”), N.Bualo (“Poeziya sənəti”) və s. 

 

Adı, yeri –

 

Azərbaycan ədəbiyyatşünaslığı və tənqidinin ləkəsizləri sırasında, bu sahəyə verdiyi böyük dəyərlərə adekvat olmuş bu alim 1915-ci ildə Şuşada doğulub. 1937-ci ildə ali məktəbi (APİ) bitirib. Yüksək elmi qabiliyyəti, fantastik araşdırıcılıq fəhmi sayəsində SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının aspiranturasına qəbul edilib, Moskva Ali Diplomatiya Məktəbində oxuyub, “İzvestiya” qəzeti və SİTA redaksiyalarında çalışıb. Bakı dönəmində bir sıra mətbuat orqanlarında ədəbi işçi, şöbə müdiri, məsul katib, redaktor kimi fəaliyyət göstərib, paralel olaraq elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan Pedaqoji, Xarici Dillər institutlarında və ADU-da (BDU) müəllim, kafedra müdiri, dekan, Nizami adına Ədəbiyyat İnstitutunda şöbə müdiri vəzifələrində çalışıb.

Fəaliyyətə əsrin 30-cu illərində başlayaraq, ədəbiyyatımızın aktual məsələlərilə bağlı fundamental araşdırmalar aparan bu maraqlı mütəxəssis qısa zamanda fenomenal tənqidçi kimi tanınıb. “Şair gərək mövzuları saf-çürük etməyi, seçdiyi mövzuya görə yazacağı şeirin həcmini, kompozisiyasını, nədən başlayıb, nədə qurtaracağını müəyyənləşdirsin” – deyən alimin özü də tərifində-tənqidində “yüz ölç, bir biç” qaydalarına sadiq olub, heç nədə nə xəsisliyə, nə təfərrüata varıb.  

Bəlkə də bir az mücərrəd səslənən bu son abzasımdan sonra, böyük tənqidçinin  M.Ə.Sabir, A.Səhhət və M.Hadinin müqayisəsilə bağlı qeyri-adi mülahizə-mühakiməsinə diqqət yetirək: “Sabir poeziya səmasında əbədidir, yandıqca parlayır, parladıqca aydınlaşır və daha gur şölə saçır, şüasının əhatə və təsir dairəsi genişdir, tükənməzdir, həmişə fəaldır. Hadi çox tez parlamış, gözləri qamaşdıran bir işıq saçmış, tez də ziyasını itirmiş və sönmüş ulduzdur, lakin poeziya səmasından silinməmişdir, öz tutduğu məqamında o, yenə vardır. Amma onu görmək istəyənlər əvvəlcə aydınlaşdırıcı cihazlarla silahlanmalı, özünü işıqlandırmalı, sonra görməlidirlər. Görə bilsələr, o zaman hiss edərlər ki, o sönmüş ulduz da içəridən nəfəs alır. Bəli, Sabir poeziya göylərində hamının gördüyü və görəcəyi ulduzdur, Hadi isə onu görə bilənlərin ulduzudur. Bu iki ulduzun arasında öz sakit və aramlı işığını bir qaydada saxlayan sıravi bir ulduz da var, o – Səhhətdir, incə, ahəstə və təmkinli qələm sahibi Səhhət...”

 

Yazımın sonavarımında –

 

neçə-neçə sanballı, mükəmməl tədqiqat, elmi-populyar, portret-publisistik əsərlər (“Nizami və dünya ədəbiyyatı”, “Lirikanın qüdrəti”, “Anri Barbüs”, “Höte Nizami haqqında”, “Sənətkarlıq məsələləri”, “Sənətin tərənnümü” və s.),  “...hər dəfə yeni bir şeir-poema oxuyanda, düşünməli olursan; “axı, poeziya nədir”? Cavablar çoxdur, amma belə bir cavab da var – poeziyanın öz cavabı: hər bir kamil poetik əsər “poeziya nədir” sualına cavabdır” kimi qənaətlər müəllifi haqda belə bir nostaljilik: sağlığında neçə-neçə qiymətli müəllif kitabı və tərcümə əsərləri nəşr etdirmiş bu azman alimin vəfatından sonra... bu gün də, gələcəkdə də faydalana biləcəyimiz bircə kitabı belə işıq üzü görməyib... 

Heç o özü də – dünyasını dəyişdiyi bu otuz ildə (100 illiyi münasibətilə dərc edilmiş bir-iki məqalə istisnası ilə) işıq üzü, mətbu-efir-ekran qisməti görmür. Günahkarlardan biri də – bəndəniz: bir vaxtlar çalışdığım (1976-94) AzTV-də rəhbərlikdən bu ədəbiyyat-sənət patriotu (hakimiyyətinsə qatı yarınmayanı!) haqda sanballı bir portret-verilişə razılıq ala bilmədim. 1988-də milli Azadlıq hərəkatı... və uzun illər beynimdə gəzdirdiyim “Açıq auditoriya MÜƏLLİMİ” adlı o xəyal-verilişim kamına yetmədi.

Və indi onun “Ruhuna açıq məktub” düşüncəmdən bircə cümlə: Əkbər müəllim, nədən Siz bu uzun illərdə böyük alim, məmur, jurnalist, biznesmen olmuş saysız-hesabsız tələbələrinizə kimsəsizlərdən də yazmaq, danışmaq “elm”ini də öyrətmədiniz?..

Tahir ABBASLI