Ölkəmizdəki gənclər təşkilatları arasında aktiv fəaliyyəti ilə seçilən ADDIM Gənclər Təşkilatı fevralın 21-də Bakı Konqres Mərkəzində 6 yaşını qeyd etdi və görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlalın “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında ekranlaşdırılan “İki yad adam” filminin təqdimatını keçirdi.

Təşkilatın sədri Hüseyn Cavadzadə çıxış edərək onlara verilən dəstəyə görə müvafiq qurumlara təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, təşkilat gənclərin mədəni istirahətini təmin etmək məqsədilə “Cinema-ya ADDIM-la” və “Teatra ADDIM-la” layihələrini gerçəkləşdirir. Gənclərin xaricdə tanınması üçün “Dünya starı” müsabiqəsi keçirilib. Həmçinin  “ADDIM Media Academy”, “ADDIM Actor`s Academy” təlimləri təşkil olunub.

Film haqqında danışan Hüseyn Cavadzadə bildirdi ki, “Kəmtərovlar ailəsi” hekayəsi 60 il öncə yazılmasına baxmayaraq, bu gün də mövzu aktuallığını qoruyub saxlayır. Film 2017-ci ildə Pekində keçirilən “Grand Asian” film festivalında “Ən yaxşı sosial film” nominasiyasında qalib olub, daha sonra isə Azərbaycanda “Mənim ailəm” festivalında baş mükafatı qazanıb. Ekran əsəri Vyanada, Astanada, Tiflisdə nümayiş etdirilib, Bakıda ədibin 110 illik yubileyində təqdim olunub.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə aparılan gənclər siyasətinin müsbət nəticələrindən söz açdı. Bildirdi ki, gənclərə göstərilən bu etimad öz müsbət nəticəsini verir və yeni nəsil öz yaradıcı imkanları, bilik və bacarıqlarını ölkəmizin daha da inkişafı naminə sərf edirlər.

Sonra film nümayiş olundu.

Ssenari müəllifi Nicat Dadaşov olan “İki yad adam”da  gənc ailənin münasibətləri, daha doğrusu, təmin olunmuş gələcək qurmaq üçün durmadan çalışmaları və elə buna görə də yad adama çevrilmələri əks olunub. Sosial mövzulu filmdə maddiyyat ucbatından bir-birini, demək olar ki, görməyən ikili sonda bunun fərqinə varırlar. Özü də evlərindən oğurluq edən qadının, özünü evin xadiməsi kimi göstərən qonşunun sayəsində...

Filmdə rolları Əməkdar artist Gülşad Baxşıyeva, aktyorlar Duyğu Dəvəli, Riad Abdulov, Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları ifa edirlər.

Əməkdar artist Gülşad Baxşıyeva film haqqında fikirlərini bölüşərkən bildirdi ki, müasir həyatla səsləşən hekayədə və onun ekran həllində əsas qayə insanları şan-şöhrət, var-dövlət dalınca qaçmaqdansa, öz ülvi hislərini yaşamağa, axıb gedən həyatda öz gəncliklərinin və bir-birlərinin qədrini bilməyə çağırmaqdır.

Təqdimat mərasimində tanınmış incəsənət nümayəndələri də iştirak edirdi.

HƏMİDƏ