Amerika Kino Akademiyasının sayca 91-ci “Oskar” mükafatının sahibləri fevralın 24-də Los-Ancelesdəki məşhur “Dolby” teatrında keçirilən mərasimdə elan olunub. Bütün dünyaya canlı yayımlanan (Bakı vaxtilə 25 fevral səhər saatlarında) mərasimdə 2018-ci ilin yekunlarına görə kino dünyasının ən yaxşılarının adları açıqlanıb.

“Ən yaxşı aktyor” mükafatına “Bohema rapsodiyası” filmində baş rola görə Rami Malek layiq görülüb, “Ən yaxşı ikinci plan aktyoru” mükafatını “Yaşıl kitab” filmində ifa etdiyi rola görə Maherşal Əli qazanıb.

“Ən yaxşı aktrisa” kateqoriyasında “Oskar” “Favorit qadın” filmində çəkilən Oliviya Kolmana verilib.  “Ən yaxşı ikinci plan aktrisa” nominasiyasında isə “Əgər Bill-Srtit danışa bilsəydi” ekran əsərində oynadığı rola görə Recina Kinq qalib olub.

Meksikalı rejissor Alfonso Kuaronun “Roma” filmi xarici dildə ən yaxşı ekran əsəri elan olunub. Kuaron həmçinin “Ən yaxşı rejissor” kateqoriyasında “Oskar” qazanıb.

Ən yaxşı adaptasiya olunmuş ssenari olaraq “Qara klan üzvü” filmi (Spayk Li, Çarli Vatçel, Devid Rabinovits, Kevin Uilmott) seçilib. “Ən yaxşı orijinal ssenari” mükafatı “Yaşıl kitab” filminə görə Piter Farelli, Nik Vallelonqi, Brayan Heyes Karri, “Ən yaxşı animasiya filmi” mükafatı isə “Hörümçək adam – kainatlardan keçərək” ekran əsərlərinə təqdim olunub.

Həmçinin “Ən yaxşı operator” (“Roma”), “Ən yaxşı montaj” (“Bohema  rapsodiyası”, rejissor Con Ottman) və başqa nominasiyalarda mükafatlar sahiblərini tapıb.

Gecənin ən həyəcanlı anı isə əsas “Oskar” sahibinin elan edilməsi olub. Culiya Robertsin açdığı zərfin içindən rejissor Piter Farrellinin “Yaşıl kitab”ı (“Green Book”) çıxıb.

Məşhur caz pianoçusu Don Şirli, onun sürücüsü və mühafizəçisi Toni Lipin 1962-ci ildə ABŞ-ın cənubuna səyahəti ilə bağlı real əhvalatlardan bəhs edən “Yaşıl kitab” filmi bu yarışmanın əsas favoriti idi. Film yanvar ayında Hollivud Xarici Mətbuat Assosiasiyası tərəfindən təsis olunan “Qızıl qlobus”u və Amerika Prodüserlər Gildiyasının (PGA) “Ən yaxşı film” kateqoriyasında baş mükafatı qazanmaqla “Oskar”ın bir addımlığına gəlmişdi və “Dolby”dəki mərasim də beləcə sürprizsiz başa çatdı.

İLONA