Zamanından irəlidə olan kino adamı
Milli kinematoqrafiyamızda onun ayrıca yeri var. Fərqli üslubu, dövrünü qabaqlayan yenilikçi düşüncələri ilə seçilən və düşündüyünün vizual həllini ustalıqla verən rejissor idi Əlisəttar Atakişiyev.
Arada onu xatırlayan, filmlərini analiz edən mütəxəssislər belə deyirlər: “Əlisəttar Hollivudda, ümumən başqa ölkə və kino mühitində çalışsaydı, şöhrəti tam başqa olardı...”.
Əməkdar incəsənət xadimi kinoda özünü operator, rəssam kimi də tanıtmışdı. Hələ Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperator ixtisası üzrə təhsil alan zaman fərqli zövq və kino duyumu nəzərə alınaraq “Mosfilm”ə dəvət olunur. Bir müddət orada, sonralar isə Tallin kinostudiyasında operator kimi çalışır və bu mühitdə püxtələşir.
Onun “Azərbaycanfilm”də quruluş verdiyi “Bir qalanın sirri”, “Bizim küçə”, “Sehrli xalat”, “İstintaq davam edir”, “Qərib cinlər diyarında” kimi bədii ekran əsərləri janr müxtəlifliyi və mövzu rəngarəngliyi ilə yanaşı, rejissor baxışından spesifik yanaşma formasına görə də seçilir.
Amma o, kinostudiyada quruluşçu rejissor kimi işə başlamayıb. İlk müstəqil işi olan “Bir qalanın sirri”nə qədər “Bakılılar” (L.Kosmatov, D.Feldmanla birgə), “Bir ailə” (Ə.İsmayılov, T.Lebeşevlə birgə), “Arşın mal alan” (1945; Muxtar Dadaşovla birgə), “Fətəli xan”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” (Rasim Ocaqovla birgə) və s. filmlərdə quruluşçu operator, rəssam kimi çalışıb.
Amma bu məhsuldar yaradıcılıq mühitində rejissorluq arzuları ona rahatlıq vermirdi. Nəhayət, “Bir qalanın sirri”ni açmaq ona həvalə olundu...
O qalanın öz sirri var...
1959-cu ildə nağıl janrında çəkilən bu ekran işi yazıçı, folklorşünas, dramaturq Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesi əsasında ekranlaşdırılıb. Pyesin əsasını Azərbaycan xalq nağılları təşkil edir.
Buna qədər “Azərbaycanfilm” nağıl janrına az hallarda müraciət etdiyindən nümunənin texniki çətinlikləri də çox olub. Buraya rejissorun çəkiliş zamanı və çəkilişdən sonrakı mərhələdə üzləşdiyi başqa çətinlikləri, hətta məhkəmə çəkişmələrini isə yazmaq istəmirəm.
Bu il 65 yaşı tamam olan ekran əsərinin yaradıcı heyətinə nəzər salaq: ssenari müəllifi Məmmədhüseyn Təhmasib, quruluşçu rejissor və quraşdırma çəkilişlərin rəssamı Əlisəttar Atakişiyev, quruluşçu operatorlar Arif Nərimanbəyov, Mirzə Mustafayev, rəssam Nadir Zeynalov, geyim rəssamı Kazım Kazımzadə, bəstəkar Rauf Hacıyev, səs operatoru Əziz Şeyxov, II rejissor Əlisəttar Məlikov, quraşdırma çəkilişlərin operatoru Mirzə Mustafayev.
Rolları Gündüz Abbasov (Elşən), Tamara Kokova (Mətanət), Məmmədrza Şeyxzamanov (həkim Eldostu), Əli Qurbanov (Kamran baba), Ağadadaş Qurbanov (Usta), Aleksandr Fayt (Göygöz kosa), Əli Zeynalov (Simnar xan), Arif Mədətov (Qara qul), Ağahüseyn Cavadov (Falabaxan), Məlik Dadaşov (Dərviş), Telman Əliyev (Hadı), Fərhad İsmayılov (Bıdı) ifa edirlər.
M.Təhmasib ssenaridə nağıl motivləri əsasında elmin, zəkanın fiziki güclə sintezdə sarsılmaz güc olduğunu göstərməyə çalışıb. Sözsüz ki, dövrün diktəsi ilə ideologiya konveyerindən də keçən film müvafiq zaman üçün statik ideyalarla da yüklənərək istehsalata buraxılır.
Filmi analiz edən müəlliflərin təbirincə desək, bu ekran əsəri yüksək bədii keyfiyyəti və folklora əsaslanan elmi müstəvidəki fərqliliyi ilə istər öz, istərsə də özündən sonrakı zamanlarda kino tariximizdəki yerini qoruyub saxlaya bilib. Quruluşçu rejissorun janra bələd olması, ümumilikdə texniki baxımdan mürəkkəb kino həllərini ustalıqla verməsi də təsadüfi deyildi. Çünki təhsil və təcrübə istiqaməti çoxşaxəli idi.
Bildiyimiz kimi, film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız hökmdara qarşı kasıb, lakin qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu, onun sədaqətli və sevimli şagirdi Mətanət, igid və cəsur gənc usta Elşən, Kamran baba bu mübarizənin önündə gedirlər. Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir.
Onu da qeyd edim ki, filmin işçi adı “Qanlı qala” olsa da, Moskva uşaq filmlərinin qan sözü ilə adlandırılmasına qarşı çıxır və ad “Bir qalanın sirri” ilə əvəzlənir.
Filmin çəkilişləri Mingəçevir su bəndinin yanında, Bozdağın ətəklərində, İsmayıllıda, Mərdəkanda, qalanın iç görünüşü, zindan səhnələri, həkimin yaşadığı məkan pavilyonda lentə alınıb. Natura çəkilişlərinin bir qismi isə Bakıdakı Nəbatat bağında aparılıb.
Filmdə məharət və sənətkarlıqla çəkilmiş bir çox kadrlar – dağ mənzərələri, sıldırım qayalar, dərviş və rəmmalın iştirak etdiyi səhnələr, multiplikasiyadan istifadə olunmuş lövhə, itlə atın söhbəti, zindan səhnələri ciddi yaradıcılıq axtarışları nəticəsində lentə alınıb.
Filmin istər pavilyon, istərsə də natura çəkilişləri, eləcə də geyim həlli və ideyanın ardıcıllıqla vizual həlli rejissorun nağılların ruhunu yaxşı duymasına və eyni zamanda zəngin fantaziyaya malik olmasına dəlalət edirdi.
Filmdə Hadı və Bıdı rollarını oynayan Telman Əliyev və Fərhad İsrafilov (hər ikisi Əməkdar artist) eyni məktəbdə (Bakı şəhəri 26 saylı orta məktəb) oxuyurmuşlar və ikili uzun sınaq çəkilişlərindən sonra rola təsdiq olunub. Ancaq bu hələ işin başlanğıcı idi. Onları kino mühitinə öyrətmək, kamera qarşısında dayana bilmələri, ssenaridən öyrəndikləri sözləri, sadəcə, əzbərçi kimi deyil, onu içindən keçirərək təbii formada söyləmək kimi çətin bir iş müəllifləri düşündürməyə bilməzdi. Bu çətinlikləri dəf etmək naminə ilk günlər balaca aktyorlarla gərgin məşq proseslərinə başlanılır və Əlisəttar Atakişiyev Rza Təhmasibdən uşaqlara aktyorluq, kameraya uyğunlaşma barədə qısa dərslər verməyi xahiş edir. Bütün bunların nəticəsində də təbii və maraqlı bir tandemə nail olunur.
Filmdə heyvanların çəkilişinə böyük önəm verən rejissor seçim zamanı xüsusi təlim görmüş atla itə üstünlük verib və hər ikisi sirkdən götürülüb.
Çəkilişlər bir ildən artıq çəkib. Ən çox vaxt da heyvanlar və uşaqlarla bağlı çəkilişlərə sərf olunub. Bundan başqa, ssenariyə əsasən filmdə sehrli səhnələr də çoxluq təşkil edir. Sözsüz ki, həmin səhnələrdə pirotexniklərin gücündən geniş istifadə edilib və bu proses də xeyli zaman aparıb.
Filmdə Göygöz kosanın əlində olan sehrli çubuğun məhz ilanvari görüntüdə olması ideyası da Əlisəttar Atakişiyevə məxsusdur və o forma tapılanadək rejissor-rəssam özü azı 10 ədəd çubuq hazırlayıb və onların heç birini də bəyənməyib.
Böyük əzab-əziyyət bahasına başa gələn ilk rejissor işi istər kinostudiya və buradakı bədii şura, istərsə də Moskva tərəfindən bəyənilir. Moskva filmi ümumittifaq ekranında prokata qəbul edir. Öncə rus dilində səsləndirilən “Bir qalanın sirri” filmi sonradan öz dilimizdə dublyaj olunub.
“Sehrli xalat”dan çıxanlar...
Kinomuzda nağıl janrının yaradıcısı kimi tanınan Əlisəttar Atakişiyev daha sonra iki dəfə bu janra müraciət edib və “Sehrli xalat” (1964), “Qərib cinlər diyarında” (1977) filmlərini ərsəyə gətirib.
“Sehrli xalat” filmi bu il 60 yaşını qeyd edir. Ona ilk dəfə tamaşa edən uşaqlar indi babadırlar. Film isə öz maraq auditoriyasını hələ də itirmir. Balaca pionerlərin sehrli xalata bürünərək iki zaman arasında etdikləri “səyahət” yenə də ecazkar gücündədir.
Bu filmi hər dəfə izləyəndə adama elə gəlir ki, nəinki o lentdəki uşaqlar, hətta rejissor özü də məşhur illüzionist İo Kionun (Anatoli Falkoviç) sehrinə düşür və özü qarışıq hamımıza o xalatı geyindirməyə çalışır.
Əslində, hekayət sadə başlasa da, biz kadr-kadr həyat bilgilərini və elmi təfəkkürlərini yetkinləşdirməyə çalışan uşaqların – işıqlı gələcəyin çağırışçısı olan qəhrəmanların ümumiləşmiş obrazını görürük.
Əlisəttar müəllim incə keçidlərlə nağıl janrı ilə fantastik-macəranın sintezinə nail olur. Beləcə, çox sadə görünən mürəkkəb həll vasitəsilə tamaşaçıya keçmiş və gələcək haqqındakı təsəvvür, arzu və düşüncələrini daha rəngarəng şəkildə çatdırır. Özü də keçmişlə gələcəyin əsaslı şəkildə müqayisəsini etmək, bir növ paralellər aparmaqla.
Sözsüz ki, bu işdə də rejissorun həm də kino rəssamı olması, eləcə də animasiyanın imkanlarına bələdçiliyi prosesi asanlaşdırırdı. Filmdəki ipək parçadan tikilmiş xalat və onun üzərindəki rəsmlər də Əlisəttar müəllimin əl işidir.
Filmdə keçmiş və gələcəyin göstərilməsi, eləcə də gələcəklə bağlı təsvirlər və texniki nailiyyətlərin şərhi rejissorun dərin zəka və dünyagörüşündən xəbər verir. Hətta, adamda belə bir sual da yaranır: “Bütün bunlar barədə məlumatı o, haradan almışdı?”.
Məsələn, elektron kitabların oxunuşu, rəqəmsal videokameranın təqdimatı, görüntülü əlaqə, mobil rabitə, eləcə də insanların Aya səyahəti, işıqlandırmanın kənardan idarə edilməsi kimi kifayət qədər maraqlı detalları?!.
Filmdə sovet uşaqları, onların xoşbəxt həyatı, hüquq və azadlığın bərqərar olmasına işarə məqamında hər hansı ideoloji mətnçilikdən qaçan rejissor məsələni təsvir bolluğunda incəliklə həll edir: qəhrəmanlar sehrli xalatı geyinərək keçmişə düşür və o dövrün qanunsuzluqlarını görürlər. Burada zülmün ifrat həddi kimi təqdim olunan səhnələr rejissorun usta yanaşmasını göstərməklə yanaşı, insanlara şüuraltı istənilən zülmə etirazın mümkünlüyünü də aşılayır. Keçmişə və gələcəyə qorxmadan səyahət edən məktəblilərin simasında ümumən cəsurluğa, elmə, biliyə yiyələnməyə təşviq edən fikirlər də daha qabarıqdır.
Əsas etibarilə pavilyonda çəkilən filmdəki pionerlər sarayı “Azərbaycanfilm” kinostudiyanın pavilyonunda qurulub. Film Bakıda Maştağa qəsəbəsində və İçərişəhərdə, İsmayıllı rayonunun Cülyan kəndində, eləcə də Minsk (Belarus) şəhərində pavilyonda lentə alınıb.
Yaradıcı heyətə gəlincə, ssenari müəllifləri Aleksandr Tarasov, Əlisəttar Atakişiyev, quruluşçu operatoru Teyyub Axundov, quruluşçu rəssamları Məmməd Hüseynov, Cəbrayıl Əzimov, bəstəkarı Arif Məlikov, səs operatoru Paşa İbrahimov, geyim rəssamı Qəzənfər Xalıqov, qrim rəssamı V. Bereznyakov, operatoru Əlihüseyn Hüseynov, quraşdırılmış səhnələrin operatoru Sergey Klyuçevski, quraşdırılmış səhnələrin rəssamı Eduard Abdullayevdir.
Rolları Azər Qurbanov (Rəşid), Solmaz Hətəmova (Zərifə), Kolya Loginov (Petya), Yusif Şeyxov (Eldar), Əliağa Ağayev (Xan), Anatoli Falkoviç (İo Kio), Möhsün Sənani (Möhsün Ağayev), Ağahüseyn Cavadov (Baş vəzir), İsmayıl Osmanlı (Vəkil), Hüseynağa Sadıqov (Vəzir) və b. ifa edirlər.
Ə.Atakişiyevin filmlərinə xas lakoniklik və təsvir bolluğu vasitəsilə informasiyanın çatdlırılması bu ekran əsərinə də xarakterikdir. Xatırlayırsınızsa, əhvalat uşaqların bayramı ilə başlayır. Gələn qonaqlar içərisində bir sehrbaz olur. O, uşaqlara sehrli xalat bağışlayır. Onun köməyilə uşaqlar keçmişə və gələcəyə səyahət edirlər. Bu səyahətlər nəticəsində keçmişdə baş verənlərlə və gələcəkdəki yeniliklərlə, elektron cihazlarla tanış olurlar.
Rejissor adi məktəbli həyatına nüfuz etməklə onların zəngin dünyası, arzuları, xəyalları ilə bağlı təsvirlərini ustalıqla seçərək darıxdırıcı olmayan süjet xətti və onun bədii və ekran təsvirinə can atır.
Sözsüz ki, bu gün elmi-texniki nailiyyətləri izləyən, kinoda fantastik janrın çox populyar nümunələrini görən yeni əsrin uşaqları üçün yuxarıda adını çəkdiyim filmlər o qədər də heyrətamiz görünməyə bilər. Amma birmənalı olaraq, istər peşəkar kino nümunəsi, istərsə də çəkildiyi zamanın imkanlarını aşan ekran məhsulları kimi əvəzsizdir...
Həmidə Nizamiqızı
P.S. Yazıda Dövlət Film Fondunun məlumat və fotolarından istifadə olunub.