Martın 7-də “Artım” layihə məkanında “Təcrübə. Düşüncə. Nəticə” adlı sərgi açılacaq.
“Artım” Lab” layihəsi çərçivəsində reallaşan sərgidə rəssamlar Günay Əliyeva, Roman Qocayev, Yunis Novruzov, Şəlalə Salamzadə və Sofiya Əhədovanın müxtəlif spektrli instalyasiyaları nümayiş ediləcək.
Günay Əliyeva məkana uyğunlaşan “Yolavermə. Yolunu vermə. Azarsan” adlı poetik instalyasiyasında öz həyat prinsip və düşüncələrini bölüşür. Gənc araşdırmaçı-rəssam əl izlərinin xətləri ilə öz avtobioqrafiyasını təsvir edir.
Roman Qocayevin “Məni var edən şey yoxluğumdur” adlı instalyasiyası şəxsi təcrübədən qaynaqlanır. Rəssam stereotiplər, mental və fiziki dəyərlərin hökm sürdüyü cəmiyyət ideyası ətrafında öz mövqeyini göstərməyə çalışır.
Sofiya Əhədovanın “Ksenofobiya xəritəsi” humanizm ideyalarını vurğulayaraq, demoqrafiya xəritəsinin sürətli dəyişməsində rolu olan emiqrasiya və qloballaşma kimi mövzulara toxunur.
Şəlalə Salamzadənin “DİV” (Digital Intelligent Void) instalyasiyası bir-birinə zidd olan xaos və harmoniya ideyalarını əks etdirir.
Yunis Novruzov Bakıdakı Qız qalasının tarixi, təyinatı və etimologiyasını uzun illər ərzində araşdıraraq, abidənin qədim musiqi aləti olan balabanla əlaqəsini müəyyən edib. Bu qənaətə o, Gəmiqaya (Ordubadın Nəsirvaz kəndi) petroqlif-piktoqramlarını hərflərə böldükdən sonra gəlib.
Tədbirdə müstəqil ekspertlər kurator-rəssam Sabina Şıxlinskaya və rəssam Faiq Əhmədin münsifliyi ilə layihənin qalibi də seçiləcək. Qalib seçilmiş iştirakçı 2019-cu ildə “YARAT”da 6 ay müddətinə rezidentura imkanı əldə edəcək.
Sərgi müddətində iştirakçılar tərəfindən ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur.