Martın 12-də Muzey Mərkəzinin sərgi qalereyasında Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə “Zamanla üz-üzə” silsiləsindən sərgi açılacaq.
“Reinkarnasiya 5” adlı sərgidə Azərbaycan rəssam və heykəltəraşlarının Qobustan təsvirləri mövzusunda 40-dan artıq orijinal işi təqdim ediləcək. “Reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş” avanqard üslublu əsərlər Qobustan təsvirlxəərinə yeni baxışı əks etdirir.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev bildirib ki, sərgidə rəsm, heykəltəraşlıq və keramika əsərləri, videoinstalyasiyalar nümayiş olunacaq.
“18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni interpretasiyada izləyiciyə çatdıracaq layihənin məqsədi Qobustanın mədəni irsinin təbliği ilə yanaşı, incəsənət xadimlərində bu mövzuya marağı artırmaqdır. Azərbaycan ərazisində ən qədim incəsənət nümunələri hesab olunan Qobustan qayaüstü rəsmlərinə sənət xadimlərinin baxışını müasir yozumda əks etdirən sərgi qoruğun təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin tərəfdaşlığı ilə reallaşacaq”, - deyə o əlavə edib.