Müasir İncəsənət Muzeyində Xalq rəssamı Arif Hüseynovun sərgisi açılıb
Müasir İncəsənət Muzeyində Xalq rəssamı, professor Arif Hüseynovun Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Qarabağnamə – tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisi açılıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan sərgidə rəssamın 50-dən çox sənədli-bədii qrafika əsəri yer alıb. Fondun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov sərgi barədə məlumat verərək onun təşkilində dəstəyinə görə Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürünü bildirib. Sərginin əhəmiyyətindən danışan X.Abdinov deyib ki, ekspozisiyada nümayiş olunan əsərlər tarixi materiallara əsaslanır. Bu əsərlərdə tarixi hadisələr, məkanlar və tarixi şəxsiyyətlərin portretləri təsvir olunub. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxışında vurğulayıb ki, xalqımızın tarixində yaşanan kədərli və fərəhli hadisələrə hər zaman sənətkarlarımız tərəfindən bədii münasibət göstərilib. Xocalı soyqırımı xalqımızın tarixində elə dəhşətli hadisələrdəndir ki, ona münasibət göstərməmək qeyri-mümkündür.
Xalq rəssamı Xanlar Əhmədov, tanınmış kino rəssamı Nazim Məmmədov və digər fırça ustaları bu hadisələri öz əsərlərində təsvir ediblər. Arif Hüseynovun əsərlərində tarixə, yaşanılan hadisələrə sənədli münasibət mövcuddur: “Düşünürəm ki, belə əsərlərin ölkəmizin hüdudlarından kənarda da nümayişi vacibdir. Bu əsərlər Xocalı faciəsinin dünyaya tanıdılması və təbliğində yardımçı ola bilər”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov söyləyib ki, sərgilənən əsərlərdə xalqımızın tarixi əks olunub. Belə sərgilər mütəmadi olaraq təşkil edilməlidir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səhlab Məmmədov, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov çıxış edərək sərginin əhəmiyyətini vurğulayıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonra tədbirin iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə nümayiş etdirilən “I Pyotrun məktubu”, “Türkmənçay müqaviləsi”, “Güllələnmiş heykəllər”, “Qarabağ müharibəsi”, “Pənahəli xan”, “Xalq musiqiçiləri” kimi əsərlərində tarixi həqiqətlərin rəssam təxəyyülü ilə ərsəyə gətirilmiş təsvirləri kifayət qədər cəlbedici və yaddaqalandır.
Bütün əsərlər qravüra janrında işlənib. Sərgi bütövlükdə tarixi faktlar əsasında qurulub və maarifləndirici xarakter daşıyır.
Xalq rəssamı Arif Hüseynov uzun illərdir ki, vaxtının bir hissəsini gənc nəslin nümayəndələri, uşaq və yeniyetmələrlə işləməyə sərf edir. Azərbaycan təsviri incəsənətinin gələcəyi üçün yeni rəssamlar hazırlayır. Sənətkar öz əsərləri ilə Azərbaycan xalqının zəngin daxili dünyasını və xüsusiyyətlərini təsvir edir.
“Qarabağnamə – tarixin səhifələri” ekspozisiyasında yer alan əsərlər də tarixi faktlara əsaslanıb. Bu əsərlər tarixi gerçəkləri – Qarabağın bizim əzəli və tarixi torpağımız olduğunu əks etdirir.