Fevralın 27-də İçərişəhərdəki Miniatür Kitab Muzeyində şairə və dramaturq, Çexiyada yaşayan həmvətənimiz Leyla Bəyimin (Cəfərovanın) “Qarabağ şikəstəsi” adlı miniatür kitabının təqdimatı olub. Kitabda müəllifin eyniadlı poeması (rus və Azərbaycan dillərində) yer alıb.
Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi Zərifə Salahova kitab barədə informasiya verərək bildirib ki, 65x50 millimetr ölçüdə, 168 səhifədən ibarət miniatür nəşr muzeyin sifarişi ilə “İndıqo” nəşriyyatında dörd dildə (Azərbaycan, rus, ingilis və alman) 100 nüsxə tirajla nəşr edilib. Miniatür kitabın üz qabığında rus rəssamı Nikolay Sverçkovun “Qarabağ atı” (1865) əsəri təsvir edilib.
Tədbirin aparıcısı, Xalq artisti Vaqif Əsədov, şair, Qarabağ müharibəsinin iştirakçısı Ələddin Yaqubov, “Mədəniyyət.AZ” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva və digər çıxış edənlər kitab və müəllif haqqında fikirlərini bölüşüblər.
Vurğulanıb ki, “Qarabağ şikəstəsi” poeması Qarabağ ağrısı, səmimi vətənpərvərlik hisləri ilə dolu olan bir əsərdir.
Sonra şairə və dramaturq Leyla Bəyim və Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Rüstəmov “Qarabağ şikəstəsi” poemasından rus və Azərbaycan dillərində parçalar oxuyublar.
Qeyd edək ki, Leyla Bəyim Bakıda anadan olub, hazırda Praqada yaşayır. Azərbaycan Yazıçılar Birliyinin, Avropa Ədibləri Konqresinin və Çexiyanın Rusdilli Yazıçılar İttifaqının üzvüdür, 4 şeirlər toplusunun müəllifidir. Yefim Abramovla birlikdə bir neçə pyes yazıb. Onlardan biri - “Xəyalpərəst oğlanlar” Azərbaycan Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib. Əsərlərini rusca yazan L.Bəyimin şeir və pyesləri çex dilində də dərc edilir.