Azərbaycan Dillər Universiteti (ADU) ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında anlaşma memorandumu imzalanıb. Fevralın 28-də sənədi ADU-nun rektoru, akademik Kamal Abdulla və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva imzalayıblar.

Rektor K.Abdulla Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının dəstəyi ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini təqdirlə izlədiyini vurğulayıb. Bildirib ki, fond bu gün Azərbaycanda və xarici ölkələrdə çox maraqlı layihələr həyata keçirir. Bu görülən işlərdə universitetimizin potensialından da istifadə etmək məqsədəuyğun olardı.

Günay Əfəndiyeva Azərbaycanın nüfuzlu universitetlərindən biri olan ADU ilə anlaşma memorandumunun imzalanmasından şad olduğunu deyib: “Düşünürəm ki, bu əməkdaşlıq həm türk dünyası, həm Azərbaycan üçün gözəl nəticələr verəcək”.

G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun yaranması, fəaliyyəti və məqsədi, eyni zamanda həyata keçirdiyi layihələr haqqında məlumat verib.

Memorandumda türkdilli xalqların mədəni irsinin təbliği və dahi şəxsiyyətlərinin yubileylərinin qeyd olunması məqsədilə birgə konfrans, seminar, sərgilərin keçirilməsi, ADU-nun sonuncu kurs bakalavr və magistr tələbələri üçün fondda 1-3 aylıq istehsalat təcrübəsinin təşkili, türk dünyasına mühüm töhfələr verəcək araşdırmalar aparan tələbələrə təqaüdün verilməsi, birgə nəşrlərin çap olunması, digər məsələlərdə əməkdaşlıq nəzərdə tutulub.