“Xalqımızın təməl prinsiplərini diqqətdən kənarda qoysaq, ölkəmizin inkişafı dayanıqlı ola bilməz”
Mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq.
Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz...
Bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə deyib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə son illər ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti, dövlətin bu sahəyə diqqət-qayğısı və görülən işlərdən söz açılıb, görüş iştirakçılarının fikirləri dinlənilib.
Prezident vurğulayıb ki, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. İslahatlar bütün sahələri əhatə edəcək. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaq: “O ki qaldı, mədəniyyət sahəsinə, istərdim ki, sizinlə bu məsələlərlə bağlı fikir mübadiləsi aparım və bundan sonra görüləcək işlər haqqında danışaq. Çünki əvvəlki illərdə bir çox işlər görülüb. Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir”.
Ötən müddətdə görülən işlərdən bəhs edən dövlət başçısı paytaxtda Milli Dram, Rus Dram, Gənc Tamaşaçılar, Musiqili, Kukla teatrlarının binalarının, bölgələrdə bir sıra teatr binalarının əsaslı təmir edildiyini və yenidən qurulduğunu, habelə Bakı şəhərindəki muzeylərin bir çoxunun əsaslı təmir edildiyini, İncəsənət Muzeyinin iki binasının, Xalça Muzeyi üçün yeni binanın tikildiyini, Müasir İncəsənət Muzeyinin fəaliyyətə başladığını diqqətə çatdırıb. Vurğulanıb ki, yerlərdə bir çox mədəniyyət ocaqları üçün yeni binalar tikilib, mövcud binalar təmir olunub, Bakıda və bölgələrdə dini abidələr əsaslı şəkildə təmir və bərpa edilib, hər bir şəhər və rayonda tarix-diyarşünaslıq muzeyləri fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının binası əsaslı şəkildə təmir edilib, Milli Konservatoriya üçün yeni bina tikilib. Kinoteatrların yaradılması, özəl kinoteatrların fəaliyyətə başlaması sevindirici haldır. Görkəmli mədəniyyət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulub.
“Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz”, – deyə dövlət başçısı görüş iştirakçılarına müraciət edib.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq artisti Arif Babayev, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov və digər çıxış edənlər ayrı-ayrı məsələlərlə bağlı xahiş və təkliflərini, mövcud problemlərin həlli ilə bağlı fikirlərini bildiriblər.
Prezident səslənən bütün məsələlərə münasibətini bildirib, müvafiq tapşırıqlar verib: “Bugünkü görüş bir daha onu göstərir ki, bunun çox böyük faydası var. Çünki burada qaldırılan məsələlər doğrudan da vacibdir və hesab edirəm ki, bu məsələlərin həlli bir çox mətləblərə aydınlıq gətirə bilər. Mən artıq mədəniyyət nazirinə göstəriş vermişəm, eyni zamanda, Prezident Administrasiyasına da göstəriş verirəm ki, burada səslənən bütün təkliflər təhlil olunsun, bir proqram halına salınsın və biz bu məsələləri ardıcıl olaraq həll edə bilək”.
Dövlət başçısı diqqətə çatdırıb ki, mədəniyyət xadimlərinə sosial qayğının artırılması üçün əlavə tədbirlər görüləcək. Bildirilib ki, yazıçılar üçün Yaradıcılıq Evinin bərpası prosesinə start verilib, eyni zamanda, Şabran rayonunda da ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri üçün Yaradıcılıq Mərkəzi yaradılır. “Yazıçılar üçün tikiləcək evlə bağlı müvafiq göstəriş verilib. Bununla bərabər, hesab edirəm ki, dövlət tərəfindən görkəmli mədəniyyət xadimləri, gənc istedadlar üçün yeni yaşayış binası tikilməlidir və bununla bağlı müvafiq göstərişlər veriləcək. Xalq qarşısında, dövlət qarşısında xidmətlər göstərmiş mədəniyyət xadimləri dövlət tərəfindən mütləq dəstəklənməlidir”, – deyə Prezident vurğulayıb.
Dövlət başçısı musiqi sənətinin inkişafı, Bəstəkarlar İttifaqı tərəfindən televiziya kanallarında bədii şuraların yaradılması barədə təkliflərə də müsbət yanaşıb. Qeyd edib ki, bu məsələ ilə bağlı Mədəniyyət Nazirliyi, Prezident Administrasiyası, yaradıcı ittifaqlar müvafiq təkliflər versinlər. Vurğulanıb ki, biz bu məsələyə kompleks şəkildə yanaşmalıyıq. Eyni zamanda, bütün televiziya kanalları istedadlı insanlar üçün açıq olmalıdır.
Teatrlarla bağlı səslənən təkliflərə münasibət bildirən ölkə başçısı qeyd edib ki, aparıcı teatrların binaları təmir edilib, yenidən qurulub və bu iş davam etdiriləcək. Prezident teatr işçilərinin əməkhaqları ilə bağlı təkliflərin hazırlanması barədə tapşırıq verib: “Teatr işçilərinin maaşlarının qaldırılması məsələsi tezliklə öz həllini tapmalıdır”.
Qeyd olunub ki, teatrların kateqoriyalara bölünməsi, müvafiq statusların verilməsi üçün tədbirlər görülməli, teatrların səviyyəsini qaldırmaq üçün addımlar atılmalıdır: “Bununla paralel olaraq, bizim aparıcı teatrlarımıza dövlət tərəfindən maddi dəstək də göstərilməlidir. Düşünürəm ki, özəl sektor da teatrlara sponsorluq etməlidir.
Mən bu gün özəl sektora da çağırış edirəm ki, bu məsələ ilə bağlı onlar da öz dəstəyini göstərsinlər. Amma ilk olaraq dövlət bu məsələni öz üzərinə götürəcək.
Kino sahəsi ilə bağlı fikir və təkliflərə toxunan Prezident qeyd edib ki, dövlət xətti ilə, dövlət sifarişi ilə kinofilmlərin çəkilişi prosesi bərpa olunmalıdır. Son bir-iki il ərzində buna kifayət qədər fikir verilməyib. Bildirilib ki, bu il üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq. Gələn ilin və ondan sonrakı illərin dövlət büdcəsində dövlət xətti ilə kinofilmlərin çəkilişi mütləq bərpa edilməlidir.
Həmçinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının bina ilə təmin olunması barədə tapşırıq verilib.
Prezident şəhərsalma-memarlıq, Bakının tarixi mərkəzi, görkəmli şəxsiyyətlərin abidələrinin qoyulması barədə çıxış və təkliflərə münasibət bildirib. Qeyd edib ki, Bakının tarixi mərkəzinin qorunması üçün şəhərin mərkəzinin hüdudları dəqiq müəyyən olunaraq vahid idarəetmə sisteminin yaradılması təklifinə baxıla bilər: “Bakının tarixi binalarının bərpası ilə bağlı çox həssas iş aparmalıyıq. Mən həmişə demişəm ki, təmir zamanı binaların tarixi görkəmi saxlanmalıdır. Bu, əsas prinsip olmalıdır”.
Prezident şəhərlərdə baş rəssam vəzifəsinin təsis edilməsi, Bakıda bienallenin keçirilməsi təkliflərini də dəstəkləyib.
“Demək olar ki, burada qaldırılan əsas məsələlərə mən öz münasibətimi bildirdim. Bir daha demək istəyirəm ki, belə səmimi və açıq söhbət bir çox məsələlərin həlli üçün gözəl imkanlar yaradır”, – deyə ölkə başçısı yekun nitqində bildirib. Prezident təklif edib ki, belə görüşlər bu və ya digər formatda müntəzəm olaraq keçirilsin ki, bizim bu sahədə görəcəyimiz işlər daha düzgün aparılsın, daha sistemli xarakter alsın, yaradıcı ictimaiyyətimizi narahat edən problemlərin hamısı həll olunsun.