Sessiyada 180-dən artıq ölkədən üç minədək nümayəndənin iştirak edəcəyi gözlənilir

Martın 4-də UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirildi.

Təşkilat Komitəsi ölkə başçısının 2018-ci il 9 avqust tarixli sərəncamı ilə yaradılıb.

Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının mədəniyyət naziridir. Komitəyə nazirliklərin, dövlət komitələrinin, digər aidiyyəti qurumların rəhbər və məsul şəxsləri daxildir.

Bakı Konqres Mərkəzində keçirilən iclasda Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışdı. Qeyd etdi ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir.

Əbülfəs Qarayev Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğuladı. Bildirdi ki, UNESCO-nun Dünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, 43-cü sessiya 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək. Həmçinin 42-ci sessiyada Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsinin bir göstəricisidir.

 

Belə mötəbər tədbirə ev sahibliyi etmək Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir

 

Diqqətə çatdırıldı ki, Təşkilat Komitəsinin ilk iclasından sonra bu mötəbər tədbirə hazırlıq işlərinə başlanılıb. UNESCO-nun Dünya İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsi olduqca məsuliyyətli bir işdir: “Komitə üzvlərinin ölkəmizin belə nüfuzlu bir tədbirə ev sahibliyi etməsinə səs verməsi, sözsüz ki, ilk növbədə Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir. Qeyd etmək istəyirəm ki, UNESCO-nun Dünya İrs Komitəsinin əvvəlcədən göndərilmiş şərtlər toplusu var və bütün dövlət orqanlarımız bu şərtlərlə tanış olublar. Şərtlərin həlli yolunda işlər görülüb və qarşıdakı dövrdə də lazımi işlərin həllinə nail olacağıq”.

Dünya İrs Komitəsinin UNESCO-nun əhəmiyyətli qurumlarından olduğunu söyləyən nazir bildirdi ki, bu gün dünyada 1500-ə yaxın abidə komitə tərəfindən qorunur. Dünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda komitəyə sədrlik etməklə Azərbaycan Respublikası dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.

Əbülfəs Qarayev Dünya İrs Komitəsinin 43-cü sessiyasının əsas iclaslarının Bakı Konqres Mərkəzində keçiriləcəyini və sessiyanın UNESCO və BMT-nin saytları  vasitəsilə birbaşa yayımlanacağını da diqqətə çatdırdı: “Sessiyada “Gənc peşəkarların forumu” və “Abidə menecerlərinin forumu” da təşkil olunacaq. Qurumun 43-cü sessiyası təkcə mədəniyyətlə bağlı deyil. Burada bir çox sahələr öz əksini tapıb. Təbiət qoruqlarının siyahıya salınması da nəzərdə tutulub. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də bu nominasiyaların nəzərdə keçirilməsinə başlanılıb. Biz bu əməkdaşlığın gələcəkdə də həyata keçirilməsini düşünürük. Komitənin bütün əlaqə şəbəkəsi Mədəniyyət və Xarici İşlər nazirlikləri, eləcə də UNESCO üzrə Azərbaycan Milli Komitəsi tərəfindən həyata keçirilir. Əminəm ki, bu əməkdaşlıq uğurla davam edəcək”.

Nazir qeyd etdi ki, sessiyada 180-dən artıq ölkədən nümayəndələr iştirak edəcək. Sessiya günlərində rəngarəng tədbirlər təşkil olunacaq.

 

Dünya irs siyahısına yeni abidə və tarixi-mədəni məkanlar daxil ediləcək

 

UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Meçtild (Mechtild) Rössler toplantıda UNESCO Texniki Komitəsi üzvlərinin də iştirak etdiyini diqqətə çatdıraraq sessiyaya hazırlıqla bağlı indiyə qədər keçirilən məhsuldar görüşlərə görə iştirakçılara minnətdarlığını bildirdi. Vurğuladı ki, sessiyada üç minədək nümayəndənin iştirakı gözlənilir.

UNESCO ilə Azərbaycan arasında sıx əməkdaşlıq münasibətlərinin olduğunu söyləyən M.Rössler bu əhəmiyyətli tədbirin də yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirdi. Qeyd etdi ki, iclas zamanı əsas müzakirə olunan mövzulardan biri də UNESCO-nun Dünya İrs Siyahısına yeni obyektlərin daxil edilməsi və bu istiqamətində aparılan işlər olacaq”.

Sonra 43-cü sessiya üçün hazırlanmış veb saytın təqdimatı oldu.

Mədəniyyət Nazirliyinin Aparatı rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək Təşkilat Komitəsinin birinci iclasından sonra həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, tədbirin keçiriləcəyi Bakı Konqres Mərkəzində bir neçə görüş təşkil edilib, həmçinin mərkəzin imkanları ilə tanışlıq olub.

Dünya İrs Komitəsinin 43-cü sessiyasının loqosu və veb saytı haqqında məlumat verən V.Eyvazzadə dedi ki, loqo Bakının müasirliyi və qədimliyini əks etdirən Qız qalası, Şirvanşahlar sarayı və Heydər Əliyev Mərkəzinin görünüşünü özündə əks etdirir.

Şöbə müdiri onu da vurğuladı ki, saytda iştirakçıların qeydiyyatı, yerləşməsi, ölkəmizin mədəniyyəti, tarixi abidələri haqqında ətraflı məlumat yer alıb. Sayt tam olaraq martın sonlarına kimi istifadəyə veriləcək. Tədbirin gedişi sayt vasitəsilə də canlı yayımlanacaq.

Sonra iclas Təşkilat Komitəsinin görəcəyi işlərin müzakirəsi ilə davam etdi.

Fariz HÜSEYNOV