Martın 1-dən 5-dək İtaliyanın Florensiya şəhərində Romualdo Del Bianko Fondunun Baş Assambleyası və “Planet üçün irs – 2019” adlı simpoziumu keçirilib.
Dünyanın 45 ölkəsindən nümayəndələrin qatıldığı tədbirdə Azərbaycandan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Fondun prezidenti Paolo Del Bianko tədbirin açılış mərasimində çıxış edərək qurumun həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, mədəni irsin qorunması sahəsində 40-dan çox ölkə ilə əməkdaşlıq edildiyini deyərək əlaqələrin daha da inkişafı istiqamətində çalışdıqlarını vurğulayıb.
Mərasimdə çıxış edən Zakir Sultanov ölkəmizin mədəniyyəti, tarixi irsi, bu sahədə həyata keçirilən dövlət siyasəti haqqında danışıb. Bildirib ki, Azərbaycan və İtaliya arasında əlaqələrin daha da möhkəmlənməsi məqsədilə mühüm işlər görülür. Mədəniyyət sahəsində həyata keçirilən tədbirlər iki xalqın bu sahələrdə mənsub olduqları böyük nailiyyətlərin təbliğinə, habelə qarşılıqlı səmərəli fəaliyyətə mühüm zəmin yaradır. Bu əlaqələrin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Zakir Sultanov Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrdən də bəhs edib, bu il ölkəmizdə V Mədəniyyətlərarası Dialoq Forumunun və UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının keçiriləcəyini vurğulayıb.
Beynəlxalq tədbir çərçivəsində Dövlət Xidməti ilə Romualdo Del Bianko Fondu arasında anlaşma memorandumu imzalanıb.
İmzalanma mərasimində Zakir Sultanov ölkəmizin mədəniyyət sahəsində bir çox beynəlxalq təşkilatlarla, eləcə də qeyri-hökumət təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıq üzrə layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Bu mənada Romualdo Del Bianko Fondu ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyini deyib.
Fondun prezidenti Paolo Del Bianko memorandumun münasibətlərin daha da genişlənməsinə və inkişafına təkan verəcəyini deyib. “Life Beyond” portalının Azərbaycan mədəniyyətinin, incəsənətinin və irsinin daha geniş coğrafiyada tanıdılması üçün mühüm vasitəyə çevriləcəyinə inam ifadə olunub.
Səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib, müzakirələrdə iştirak edib, o cümlədən Bəhreynin mədəni irsi və incəsənətinə həsr olunmuş sərgini ziyarət edib.
Qeyd edək ki, beynəlxalq tədbirə Dövlət Xidməti ilə yanaşı Azərbaycan Memarlıq və İnşaat Universiteti, Memarlar İttifaqı və “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun da nümayəndələri qatılıb.