Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Creative Spark” proqramı çərçivəsində “Bumeranq” layihəsinin təqdimatı keçirilib.
“Creative Spark” proqramı Britaniya Şurası (British Council) tərəfindən yaradıcı iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində universitetlərarası bilik və təcrübə mübadiləsinə dəstək məqsədilə Azərbaycan da daxil olmaqla yeddi ölkədə həyata keçirilir. Bu ölkələrin ali təhsil müəssisələri Böyük Britaniyada yerləşən müəssisələrlə birgə proqrama layihə ilə müraciət edir və 50 min funt-sterlinq məbləğində vəsait əldə etmək imkanı qazanır.
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə London İncəsənət Universiteti və ADMİU-nun “Bumeranq” adlı birgə layihəsi təqdim edilib və bu, ölkəmizdən 10 layihə arasından seçilən 3 layihədən biri olub. Layihənin icrasına “YARAT” təşkilatı da qoşulub.
Təqdimatda Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov, Britaniya Şurasının ölkəmizdəki nümayəndəliyinin əməkdaşı Nigar Baimova, “YARAT” Müasir İncəsənət Məkanında təhsil proqramlarının rəhbəri Səyyarə Hüseynli və ADMİU-nun Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Sara Timurova çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Tələbələrə layihədə iştirak şərtləri barədə məlumat verilib.
Qeyd edək ki, layihə çərçivəsində London İncəsənət Universitetindən seçilən tələbələrin Azərbaycana, ADMİU-dan seçilən tələbələrin isə Böyük Britaniyaya təcrübə səfərləri nəzərdə tutulur.
Layihə Birləşmiş Krallıq və Azərbaycan arasında yaradıcı təhsil və sahibkarlıq sahəsində uzunmüddətli və davamlı əlaqələr yaratmaq üçün imkan yaradır.