Mayın 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi-2014” VI film festivalının bağlanış mərasimi keçirilib.

Mərasimdə çıxış edən AQUPDK-nın sədri, professor Hicran Hüseynova 2009-cu ildən etibarən bu mövzuda beş festivalın yüksək səviyyədə keçirildiyini, yarışmanın coğrafiyasının ildən-ilə genişləndiyini diqqətə çatdırıb. Komitə sədri festivalın yüksək səviyyədə keçirilməsinə dəstək göstərən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya, həmçinin BMT-nin Əhali Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə minnətdarlığını bildirib.
Qeyd olunub ki, festivalın əsas məqsədi kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə və milli-mənəvi dəyərlərin gənclər arasında təbliğidir. Məqsədlərdən biri də cəmiyyətdə bu istiqamətdə mövcud olan problemləri işıqlandırmaqla, onların həlli yollarının axtarılması və ailə institutunun daha da güclənməsinə nail olmaqdır. Təqdim olunan filmlərdə digər vacib problemlər - erkən nikah, uşaqların, xüsusilə qızların təhsildən yayınması, insan alveri, ailənin psixoloji vəziyyəti, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə reinteqrasiyası məsələləri də əksini tapıb.
Ötən müddət ərzində festivalda 170-ə yaxın film, o cümlədən 13 xarici rejissorun ekran işi iştirak edib. Builki festivala isə 30-dan çox film təqdim olunub.
Bu il ilk dəfə “Azərbaycan ailəsi” film festivalı çərçivəsində “Həyatdan şəklə” fotomüsabiqəsi də keçirilib, bu yarışmaya 22 həvəskar və peşəkar fotoqraf qatılıb. Festivalda həm gənc, həm də yaşlı nəslin nümayəndələri böyük həvəslə iştirak ediblər.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək festivalın əhəmiyyətindən söz açıblar, milli kino sənətimizin təbliği və inkişafı üçün belə layihələrin vacibliyini qeyd ediblər.
Gələcəkdə yaradıcı gənclərin bu sahədə peşəkar mütəxəssis kimi yetişməsində festivalın böyük əhəmiyyət kəsb edəcəyi xüsusi vurğulanıb.
Sonda müxtəlif nominasiyalar üzrə “Azərbaycan ailəsi” VI film festivalının və “Həyatdan şəklə” fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar