Yurdumuzun hər bölgəsində qədim insanların yaşayışını, mədəniyyətini təsdiq edən abidələr, yaşayış məskənləri, sığınacaqlar var. Tarixçilərin, tədqiqatçıların araşdırmalarına ehtiyac duyulan, sirlərlə dolu olan belə məkanlardan biri də Ağstafa rayonu ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksidir.
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev deyir ki, özünəməxsus əzəmətli görünüşü ilə insanları valeh edən qoruq Prezident İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə yaradılıb. Qoruğun ərazisi Gürcüstanla sərhəd boyunca 25 kilometrədək uzanır. Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, sonuncu yaşayış məntəqəsindən 28 km şimal-şərq istiqamətində yerləşir. Mağaralar kompleksi dəniz səviyyəsindən 750-950 metr hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqları əhatə edir.
Qoruq ərazisində 70-ə qədər yaşı iki min ilə gedib çıxan təbii və süni mağaralar var. Mağaralar kompleksində Qafqaz Albaniyası zamanı keçilməz qayalıqlarda inşa edilmiş 11 metr hündürlüyündə üçmərtəbəli qala, bir-birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban məbədi, tarixi atəşpərəstlik çağının yadigarı olan yerli əhali arasında suyu şəfaverici bulaq kimi istifadə edilən “Qüdrət bulağı” adlı inanc yeri var. Mağaralardan 3 km cənubda Son Tunc-Erkən Dəmir dövrünə aid 100-ə yaxın kurqan aşkarlanıb.
M.Mursaquliyev qoruq ərazisində elmi tədqiqat işlərinin davam etdirildiyini bildirir. Deyir ki, Keşikçidağ mağara-məbədlər kompleksi qoruq kimi fəaliyyətə başladığı ilk gündən Mədəniyyət Nazirliyi elmi araşdırmaların aparılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət, Tarix institutları ilə əməkdaşlıq edir. Yeni abidələrin aşkarlanması istiqamətində aparılan mütəmadi axtarışlar zamanı mağaranın döşəməsində 3 sərdabə, mağaralardan 3 km cənubda Keşikçidağ kurqanlar vadisində 100-ə yaxın qutu qəbir, katakomba və kurqan aşkarlanıb. Alimlər qoruq ərazisində arxeoloji tədqiqatlar aparıb və tədqiqatlar nəticəsində kurqanlardan biri qoruq əməkdaşlarının iştirakı ilə açılıb. Arxeoloji qazıntılar nəticəsində yaşı 3 min ildən artıq olan Son Tunc-Erkən Dəmir dövrünə aid kuzələr, su bardaqları, küplər və digər maddi mədəniyyət nümunələri tədqiq olunub.
Həmsöhbətim aparılan arxeoloji tədqiqatların nəticəsi olaraq qoruğun tanıdılması məqsədilə əməkdaşların həm ölkə daxilində, həm də xaricdə (Türkiyə, Ukrayna, Çin, Rusiya) beynəlxalq konfranslarda iştirak etdiklərini də diqqətə çatdırdı. Qeyd etdi ki, bu məqsədlə “Virtual Keşikçidağ” adlı səyahət turu üzrə çəkilişlər aparılaraq qoruğun veb saytına yerləşdirilib. Bundan əlavə, mağaralar kompleksinin daha geniş tanıdılması məqsədilə Ağstafa rayonunun bütün təhsil ocaqlarında “Keşikçidağı tanıyaq”, “Əsrlərin yadigarı” adlı layihələr həyata keçirilib. “Qədim yurdun daş kitabəsi” adlı qısametrajlı sənədli film rayonun bütün məktəblərində nümayiş olunub. Həmçinin qoruq haqqında bukletlər, flayerlər və disklər paylanılıb. Bu işlərin davamı olaraq hər il Ağstafa məktəbliləri arasında “Keşikçidağ gənc rəssamların gözü ilə” adlı rəsm müsabiqəsi keçirilir. Ötən illərdə rəsm müsabiqələrində gənc rəssamların 250-dən çox əl işi rayon Heydər Əliyev Mərkəzində sərgilənib.
Qoruğun müraciətinə əsasən, Beynəlxalq Muzeylər Şurasının (İCOM) saytının müvafiq bölməsində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun səhifəsinin yaradılması da bu tarixi məkanın təbliğində əhəmiyyətli addımdır. Bu təşəbbüs bir tərəfdən qoruğun təbliğinə xidmət edirsə, digər tərəfdən xarici ölkələrin muzey və qoruqları ilə əməkdaşlıq üçün zəmin yaradır.
M.Mursaquliyev vurğulayır ki, hər il olduğu kimi, bu il də əlamətdar günlərdə qoruq ərazisinə ekskursiyalar, yürüşlər təşkil ediləcək: “Ümumrayon tədbirlərində qoruğun pavilyonunu quracağıq. Bundan əlavə, qoruq haqqında çəkilmiş “Qədim yurdun daş kitabəsi” sənədli filminin ingilis və rus dillərinə tərcümə olunaraq səsləndirilməsi, qoruq ərazisində aparılmış arxeoloji tədqiqatların nəticəsi olaraq “Keşikçidağ mağaralar kompleksi” adlı toplunun çap olunması nəzərdə tutulur. Yerli və xarici muzey və qoruqlarla əməkdaşlığı genişləndirmək, beynəlxalq təşkilatlara üzv olmaq məsələləri daim diqqətdə saxlanılır”.
Fariz HÜSEYNOV