Milli istiqlalımızın ilkinə bənzərsiz ictimai-siyasi çabalarıyla nail olmuş, bərpasınasa mənəvi-məfkurəvi ideyaları ilə zəmin yaratmış Məhəmməd Əmin...
Şərqdə “İlk Demokratik Cümhuriyyət!” qürurumuzun, dünya üzrə “qadına ilk səsvermə hüququ” (!) öyüncümüzün Baş səbəbkarı, “Bir kərə yüksələn bayraq bir daha enməz!” kimi doktrinal hökmlər, məhrumiyyət dolu qürbət ümidsizliyində (?) vətəninin istiqlalını bərpa edəcəyinə dair qutsal çağrılar, son nəfəsində “Azərbaycan, Azərbaycan, Azərbaycan...” pıçıltılı ruhsal mesajlar müəllifi, məmləkətimizin özgürlüyü üçün özünü müsibətlərə verib, namuslu yaddaşlarda Vətənə tən Vətəndaş kimi yaşayan – Rəsulzadə...
Bu ulu milliyyətçinin ictimai fəaliyyət aləminin incəliklərinə vardıqca, belə bir qənaətə gəlirsən ki, milli siyasətin özü də bir yaradıcılıq, ləyaqətli, riyasız siyasətçiliyin özü də bir sənətkarlıq! Bir az dərindən fikirləşəndə, siyasət sənətkarlarının “aborigen” sənət sənətkarlarından daha vacib olduğu qənaətinə də gəlirsən. Nədən ki, milli istiqlalsız ölkədə hər şey baş-ayaq olur. Müstəqillik olmayanda, “El bilir ki, sən mənimsən” (?!) kimi misralar saxta səslənir, “Ah, bu sarıbaşdılar hər yana dırmaşdılar”, “Görüm ayılmasın gec ayılanlar” qəbilli poeziyalar, “Anamın kitabı”, “Qan içində” kimi nəsrlər yazmaqsa çox çətinləşir...
Bəli, “siyasi sənətkar”ların işi daha vacibdir. Ancaq burası da var ki, bu görəvlilər rahat ev-eşik stol-stullarında, aynalı-meynəli emalatxanalarda yox, çöl-bayırlarda, əksərən tərki-vətənliklə nəticələnən səfər-sərnişinliklərdə, yolüstü-atüstü çək-çevirlərdə, hətərən-pətərən dindirmələrdə, qadalı-qandallı həbslərdə, dərbədiyarlıq, ailə-uşaq həsrətlərində, “görəsən, bu arzu-amalım baş tutacaqmı?” istixarələrində yaşayıb-yaradırlar...
Doğulmasından 135 il (31 yanvar 1884, Novxanı) keçən, vəfatının 64 ili (6 mart 1955, Ankara) tamam olan bu təpədən-dırnağa milli-mənəvi əsilzadəni dünyanın siyasət və dövlətçilik azmanları içərisində (12-13 yaşlarından siyasi dövrana başlayan Ş.İ.Xətaidən sonra) seçkinləşdirən ciddi ştrixlərdən biri – onun, qarşıdakı əlli üç illik möhtəşəm milli mübarizə yoluna 18 yaşının natamamında qədəm qoymasıdır. Məsələn, 1902-ci ildə, Rusiyanın müstəmləkə üsul-idarəsinə qarşı mübarizə mahiyyətli ilk siyasi “Müsəlman gənclik təşkilatı”nı yaradanda onun 18 yaşı vardı.
Hər kəsin –
“ilk məhəbbət”ə uğram yaşında, sevib-sevilmə mövsümü çağında Azad Vətən, bağımsız ölkə Bəyliyini seçən bu ümummilli Aşiq ilk gəncliyindən öz ictimai-siyasi təfəkkürü ilə nəinki astagəl istiqlal inqilabçılarını (üç-dörd il sonra nəşrə başlayası “Molla Nəsrəddin”in üz qabığındakı “gərnəşkən” kütlələri), hətta ən “xodgedən” sosializm “revolyutsioner”lərini belə aktivləşdirir, onların (mürtəceliyi çarizmdən də ötə olacağı çətin güman edilən) sovetizm-sosializm eşelonuna transfer olunmasına siyasi “provadnik”lik edirdi. Məsələn, Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Bakı komitəsinin “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı” onun 1904-cü ildə hüquq-nizamnaməvi cəhətdən çox mükəmməl şəkildə tərtib və təşkil etdiyi “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”ndən yararlanaraq yaradılmışdı. Həmin illərdə Bakının fəhlə-inqilab bumlu neft mədənlərinə, Azərbaycanın yaxın-uzaq qəzalarına müxtəlif intibahnamə və qəzetlərin (naşirlərindən biri olduğu “Hümmət”, “Təkamül” də daxil) göndərilməsi də Məhəmməd Əminlik işlərdən idi. 23 yaşında ikən (1907) inqilabçı fəhlə X.Səfərəliyevin dəfnilə əlaqədar keçirilən izdihamlı mərasimdəki alovlu nitqi isə (sonralar onu həbsxanadan azad etdirib özüylə Moskvaya aparan və... ömürlük mühacirət dustaqlığına məhkum edən) Stalini də məftun (öz nitqi ilə müqayisədəsə məhzun) etmişdi. O, bu fenomenal şər-xata ilə tanışlıqdan bir müddət sonra – 1908-ci ildə çar xəfiyyəsi tərəfindən həbs olunma təhlükəsilə üzləşib İrana yollanır və orada otaylı məslək-məzhəb qardaşı Səttarxanla görüşür, Cənubumuzun şəhər və kəndlərini gəzib, xalqın (sonralar ədəbi-publisistik yaradıcılığında tez-tez toxunacağı) acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Baş redaktorluğu ilə nəşr edilən “İrane Nou” və “İrane Ahat” qəzetlərində saysız məqalələr, şeir və publisistik yazıları çıxır. Avropa təhsili görmüş bir qrup ziyalıyla birlikdə İran Demokrat Partiyasının əsasını (1910) qoyur.
İrandakı Məşrutədən qorxuya düşən Rusiya, inqilab rəhbərlərindən biri olan Rəsulzadənin ölkədən çıxarılmasını şah hökumətindən tələb edir və o, 1911-ci ilin mayında İstanbula gedir. Orada məşhur həmyerliləri Ə.Hüseynzadə və Ə.Ağaoğlu ilə görüşüb, Y.Akçura, Z.Göyalp və başqa görkəmli alimlərlə siyasi-irfani əlaqələr quran bu yorulmaz insan “Gənc türklər”, “Türk ocağı” və s. təşkilatlarda çalışır, “Türk yurdu” jurnalının fəal yazarına çevrilir. İstanbulda əsası “Hümmət”çilər tərəfindən qoyulan (1911) “Müsəlman demokratik Müsavat partiyası”na daxil olur və tezliklə bu siyasi təşkilata rəhbər seçilir. Bu illərdə çox gərgin, sanballı və çox geniş ədəbi-publisistik fəaliyyətlə də məşğul olan M.Ə.Rəsulzadə lap sonda, çarın ümumi əfv (Romanovlar sülaləsinin 300 illiyilə əlaqədar) fərmanı ilə, 5 illik məcburi mühacirətdən qurtulur.
Bakı...
1917-ci ildə fevral burjua inqilabı baş verir və bir ay sonra, onun redaktorluğuyla nəşr olunan “Açıq söz” qəzeti yazır: “Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hürriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan biz türklər müdhiş inqilab tufanları içərisində kompassız ortada qalmışıq”.
...Millət, Vətən bu gündə, büsbütün milliyyətçi vətəndaş M.Ə.Rəsulzadə isə Qafqaz müsəlmanlarının qurultayında Rusiyanın federasyon təşkili haqda qərar çıxarılmasını təklif etmədə. Burada “Azərbaycan qayəsi” məsələsi də ortalığa atılır və birazdan, Azərbaycan milyonçularından Ş.Əsədullayevin Moskvadakı müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada çağırılan Rusiya müsəlmanlarının qurultayında Rəsulzadənin “Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq” təklifi səs çoxluğuyla qəbul edilir. Tezliklə o, “Cəmaət idarəsi”, “Bizə hansı hökumət faydalıdır?” kitablarını nəşr etdirir, Moskva müsəlman qurultayındakı məruzəsi “Şəkli idarə haqqında iki baxış” adı altında çap olunur. Oktyabrda keçirilən qurultayda “Müsavat”ın sədri seçilir və o gündən Bakıda və bütün qəzalarda “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlanır.
O, 1917-ci ilin payızında Ümumrusiya Müəssislər Məclisinə Azərbaycan və Türküstandan millət vəkili seçilir, 1918-in mayında daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunan Zaqafqaziya Seyminin müsəlman fraksiyasındakı müxtəlif partiyaların üzvlərindən ibarət Azərbaycan Milli Şurası yaranır, Rəsulzadə sədr seçilir və... məmləkətimiz istiqlaliyyətə (28 May 1918) qovuşur!..
Sevməyə doğma Vətən, –
Ölməyə qürbət yaxşı (?...)
Onun ədəbi-bədii yaradıcılıq, pyes və alovlu publisistika nəhrinin şərhi yalnız mindəbir qısaltmaqla başa gələ bilər. Məsələn, Bakı Dövlət Universitetinin yaradılması yolundakı mücadiləsini götürək. Universitetin ilk rektoru olmuş professor V.Razumovski 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı xatirə oçerkində yazır ki, Azərbaycanın bu ilk ali təhsil ocağı məhz M.Ə.Rəsulzadənin intəhasız mübarizəsi, fövqəladə gücü, maarifçilik təşnəsi sayəsində yaradıldı.
Bu fövqəladə güc sahibinin özü isə, orda-burda onu burjua xadimi kimi damğalamağa çalışanlara cavab olaraq yazırdı: “Mən kasıbçılıq üzündən ali təhsil də ala bilməmişəmsə, öz pulu ilə Rusiyada və Qərbi Avropada təhsil alıb, bu gün özünü sədaqətli bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar?!.”
Böyük Təbriz ziyalısı, İran məşrutə inqilabının əsas rəhbərlərindən biri, sonralar həmin ölkənin ən görkəmli dövlət xadimi, diplomatı və alimi olmuş Seyid Həsən Tağızadə isə onu belə qiymətləndirirdi: “Rəsulzadə, bütün ömrü boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, fövqəladə nadir insanlardan idi. M.Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözü, mətanəti, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyil”.
...Və heç bir yazı-pozu ilə axırına varılmayası bu milli mübarizə simvolu haqda belə bir –
Sonluq:
Onun gördüyü ümummilli işlərin, saçdığı milli və transmilli düşüncələrin, yazdığı ictimai çəkili, siyasi siqlətli, elmi-populyar, informativ-publisistik məqalələrin, ədəbi-bədii əsərlərin, rəsmi dövlət tribunaları və xəlqi yığıncaqlarda etdiyi çıxışların, həbsxanalarda keçirdiyi, saysız məxfi və leqal “sərnişin”liklərdə sinirdiyi, dövri-fövri mühacirətlik-dissidentlik çağlarında yaşadığı hislərin oçerk-“panno”su nəinki bu səhifəyə, heç redaktoru olduğu neçə-neçə qəzet-jurnal səhifələrinə də sığmazdı...
Tahir ABBASLI