Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

“Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır”, – deyə təbrikdə vurğulanır.

Qeyd olunur ki, tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə qadınlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır.

Təbrik müraciətində bildirilir ki, Azərbaycan qadınları maarifpərvər sələflərinin davamçıları olaraq son yüz ildə ölkəmizin xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin yeni əsaslar üzərində qurulması işində əzmkarlıq göstərmiş və nailiyyətlərlə dolu parlaq bir yol keçmişlər. Onlar müstəqilliyin bərpasından sonra istiqlal ideallarına sədaqətlə milli dövlətçiliyin təməlinin möhkəmləndirilməsi və ölkəmizin hazırkı simasının müəyyənləşməsində mühüm rol oynamış, bu gün də bilik və bacarıqlarını dinamik inkişaf yolunda inamla irəliləyən respublikamızın iqtisadi, mədəni və elmi potensialının artırılmasına sərf edirlər. Yüksək ictimai mövqe və nüfuzları Azərbaycan qadınlarının hüquq və azadlıqlarının tam təmin edilməsinin nəticəsi olub, müasir həyatımızın ən əlamətdar hadisələrindəndir.

Təbrikdə həmçinin belə bir əminlik ifadə olunur ki, Azərbaycan xanımları ailə dəyərlərimizin bundan sonra da layiqincə yaşadılmasına çalışacaq, gənc nəslin Vətənə, torpağa məhəbbət, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək, ölkəmizin davamlı yüksəlişi naminə töhfələrini əsirgəməyəcək.

Dövlət başçısı bütün Azərbaycan qadınlarını bayram münasibətilə təbrik edib, hər kəsə cansağlığı, səadət və işlərində müvəffəqiyyətlər arzulayıb.

* * *

Qeyd edək ki, dövlət başçısının martın 6-da imzaladığı sərəncamla Azərbaycan Respublikasında təhsil və mədəniyyət sahələrində, ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup qadın “Əməkdar müəllim”, “Əməkdar həkim”, “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüb, 3-cü dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif olunublar.