14-17 martda paytaxtımızda “Testene-Art” III Beynəlxalq incəsənət festival-müsabiqəsi keçiriləcək. Tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Martın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsində festival-müsabiqəyə hazırlıqla bağlı görüş keçirilib.

Baş idarənin rəisi Cəlil Məlikov, festival-müsabiqənin təşkilat komitəsinin üzvləri, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının prezidenti Zayka İnessa, vitse-prezidenti Olqa Naymuşina və bədii rəhbəri İqor Bubençikovun iştirakı ilə festivala son hazırlıq işləri, gələcək birgə fəaliyyət haqqında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, müsabiqə instrumental, vokal, rəqs, teatr, folklor, moda və dizayn, dekorativ-tətbiqi sənət, xalq çalğı alətləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızdan və müxtəlif ölkələrdən kollektivlər iştirak edəcək.

Görüşdə müsabiqənin münsiflər heyətində yer alan mütəxəssislər tərəfindən Bakının musiqi və incəsənət məktəblərində fortepiano, skripka ixtisasları və rəssamlıq üzrə ustad dərslərinin təşkil olunması haqqında razılıq əldə edilib.

“Testene Art Baku” Beynəlxalq festival-müsabiqəsi ilk dəfə 2016-cı ildə keçirilib.

Builki festival-müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və qala-konserti martın 17-də Azərbaycan Teatr Xadimləri İttifaqında keçiriləcək.

LALƏ