Xəbər verdiyimiz kimi, 2019-cu il ölkəmizdə “Nəsimi ili” kimi qeyd olunmaqla bərabər, həmçinin TÜRKSOY təşkilatı tərəfindən Azərbaycanın böyük mütəfəkkir şairinin xatirəsinə ehtiram olaraq “Nəsimini anma ili” elan edilib. Bu münasibətlə ilboyu türkdilli ölkələrdə tədbirlər keçiriləcək. “Nəsimi ili”nin rəsmi açılışı martın 6-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və TÜRKSOY-un təşkilatçılığı ilə qurumun Ankaradakı qərargahında gerçəkləşmiş, daha sonra Türkiyənin Prezident Simfonik Orkestrinin iştirakı ilə konsert proqramı təqdim edilmişdi.

Ertəsi gün, martın 7-də “Nəsimi ili” tədbirləri İstanbulda, Türk Ədəbiyyat Vəqfində davam edib.

Vəqfin rəhbəri Serhat Kabaklı çıxış edərək böyük söz ustadı Nəsimiyə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, belə tədbirlər iki qardaş ölkənin mədəni yaxınlaşmasına töhfədir.

TÜRKSOY-un baş katibinin müavini, professor Fırat Purtaş çıxışında Nəsimi yaradıcılığının nəinki türk dünyasında, ümumiyyətlə, bəşəriyyət üçün dərin məna kəsb etdiyini qeyd edib. Vurğulanıb ki, Nəsiminin yaradıcılığı millətlər və xalqlar arasında təmas nöqtələrindən biridir.

Tədbirin reallaşmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev dəyərlərimizi yaşatmaq baxımından belə layihələrin önəmini qeyd edib.

Nazir İmadəddin Nəsimi yaradıcılığının dünyada tanınması, adının əbədiləşdirilməsi, əsərlərinin araşdırılması və kütləvi şəkildə nəşr edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Nəsiminin 600 illiyi dövlət səviyyəsində ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilib, həmçinin tarixdə ilk dəfə UNESCO tərəfindən bir Azərbaycan şairinin yubileyi keçirilib.

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən nazir söyləyib ki, Azərbaycanda görkəmli şəxsiyyətlərin adının uca tutulması istiqamətində mühüm addımlar atılır. Nəsimi yaradıcılığının dünənimiz və bu günümüz üçün birləşdirici dəyər olduğunu deyən Əbülfəs Qarayev Bakının mərkəzi rayonlarından birinin şairin adını daşıdığını, paytaxtımızda möhtəşəm abidəsinin ucaldığını, adının Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna verildiyini xüsusi vurğulayıb.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edən Nəsimi yaradıcılığından söz açıb. Akademik şairin yaradıcılığının xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından müstəsna dəyərə malik olduğunu, böyük mütəfəkkirin altı əsr öncə yaşayıb-yaratmasına baxmayaraq, yazdığı əsərlərinin ana dilimizi və bədii sözümüzü zirvələrə qaldırdığını söyləyib. Dövlətimiz tərəfindən Nəsimi irsinin layiqincə qiymətləndirildiyini qeyd edən N.Cəfərov 2017-ci ildə UNESCO-nun baş qərargahında şairin vəfatının 600 illiyinin qeyd olunmasını, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda, Şamaxıda, habelə Moskvada Nəsimiyə həsr olunmuş şeir, incəsənət, mənəviyyat festivalının keçirilməsini və bu ilin Prezident İlham Əliyev tərəfindən “Nəsimi ili” elan edilməsini şairin yaradıcılığına ehtiramın göstəricisi kimi dəyərləndirib.

Nəsiminin yaradıcılığından danışan Milli Kitabxananın direktoru Kərim Tahirov şairin Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyanlardan biri olduğunu, ana dilində gözəl şeirlər yazdığını və buna görə də şeirlərinin dillər əzbəri olduğunu deyib.

Türkiyəli professorlar Esat Harmancı, Nusret Gedik söz sənətinin qiymətli incilərini meydana gətirmiş mütəfəkkir şairin ümumtürk ədəbiyyatına töhfələr verdiyini, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoyduğunu söyləyiblər.

Tədbir Nəsimi yaradıcılığının fəlsəfəsinə həsr olunmuş panel iclası ilə davam edib.

Sonra xanəndə, Əməkdar artist Feyruz Səxavət, tarzən, Əməkdar artist Əliağa Sədiyev və kamança ifaçısı Xəyyam Məmmədovun iştirakı ilə konsert proqramı təqdim edilib.

Sonda tədbir iştirakçıları şairin həyat və yaradıcılığından bəhs edən kitab sərgisinə baxıblar.

Mehparə SULTANOVA