Tanınmış teatr və kino aktyoru, pedaqoq, Rusiyanın və SSRİ-nin Xalq artisti Vladimir Etuş martın 9-da, 97 yaşında vəfat edib.

Uzun sənət ömrü yaşayan aktyor həyatının son aylarınadək səhnədə çıxış edib. 30-dan çox filmdə çəkilib. Rejissor Leonid Qaydayın “Qafqaz əsiri”, “İvan Vasilyeviç peşəsini dəyişir” kinokomediyalarında yaratdığı obrazlar ona böyük şöhrət qazandırmışdı. Keçmiş SSRİ məkanında yaşlı və orta nəsil onun “Qafqaz əsiri və ya Şurikin başqa macəraları” komediyasında yaratdığı Saaxov obrazını hər zaman xüsusi təbəssümlə xatırlayır.

Vladimir Abramoviç Etuş 1922-ci il mayın 6-da Moskvada anadan olub. Atası Abram Savelyeviç inşaatçı, anası Raisa Konstantinovna isə fotoatelyedə kassir işləyib. Vladimir uşaqlıqdan evdə nənəsinə və bacılarına səhnəciklər göstərməyi xoşlayıb. Orta məktəbdə yaxşı oxuyub. Lakin 15 yaşında ikən atasının repressiya olunmasından sonra məktəbdə müəllimlərin və direktorun ona qarşı münasibəti dəyişir. Bununla belə, o, dərslərindən geri qalmamağa çalışır, məktəbdə teatr dərnəyinə yazılır.

Orta məktəbi bitirəndən sonra aktyor yox, rejissor olmaq qərarına gəlir, amma ali məktəbə qəbul ola bilmir. Vaxtanqov adına Teatrda rejissor köməkçisi olaraq işə düzəlir, sonra Şukin adına Teatr Məktəbinə qəbul olur. I kursu bitirəndə müharibə başlayır.

Alman dilini yaxşı bilən Vladimiri Stavropola tərcüməçilik məktəbinə göndərirlər. Bir müddət sonra da cəbhəyə tərcüməçi kimi göndərilir. 1943-cü ildə Ukrayna döyüşlərinin birində ağır yaralanır. II qrup əlil olur, ordudan tərxis edilir.

Nəhayət, 1945-ci ildə Şukin adına Teatr Məktəbini bitirir və Vaxtanqov adına Teatrda işləməyə başlayır. Eyni zamanda teatr məktəbində müəllim kimi də fəaliyyət göstərir. 1976-cı ildə professor, 1987-ci ildə isə məktəbin rektoru olur.

Kinoda debütü 1953-cü ildə Mixail Rommun “Admiral Uşakov” filmi ilə başlayır. Əsasən kəskin xarakterli rollar ifa edib. Lakin geniş tamaşaçı kütləsi Vladimir Etuşu daha ços komediya filmlərindən tanıyıb. Ona böyük şöhrət gətirən Saaxov rolu haqqında fikirləri də maraqlıdır. Aktyor deyirdi ki, müharibə vaxtı Gürcüstandan Dağıstana qədər bütün Qafqazı gəzib, yerli koloriti kifayət qədər öyrənib, ona görə də Saaxov rolunu asanlıqla oynayıb.

Vladimir Etuş Azərbaycanda da özünə çoxlu pərəstişkar qazanıb. 2011-ci ildə o, baş rolda oynadığı “Neapol ehtirasları” tamaşası (Eduardo de Filipponun pyesi əsasında) ilə Bakıda çıxış etmişdi.

2013-cü ildə isə Azərbaycan Dövlət Rus Dram Teatrında Vladimir Etuşun yaradıcılıq gecəsi keçirilmişdi.

SƏBİNƏ