İspaniyada getdikcə populyarlaşan türk serialları Latın Amerikası ölkələrinin istehsalı olan “sabun operaları”nın yerini tutmağa başlayıb.

“Mediaset” media və telekommunikasiya şirkətinin məlumatına görə, İspaniya bundan öncə Rumıniya, Bolqarıstan və Slovakiyada populyar olan türk serialları dəbinə birdən-birə qapılmayıb. Bu seriallar başqa ölkələrdə tamaşaçı rəğbəti qazanandan sonra İspaniyanın media şirkətləri onları bazara çıxarmağı qərara alıblar. “Qara sevda”, “Cəsur və gözəl” kimi seriallar “Mediaset”in internet portallarında ən baxımlı filmlər cərgəsinə daxil olub.

Ekspertlər bildirirlər ki, tamaşaçılar klassik “sabun operaları” və narkotik alverçiləri haqqında standart süjetli Latın Amerikası serialları ilə müqayisədə türk serialları daha müasir, tamaşaçı ilə daha güclü emosional əlaqə yaradan ekran əsərləridir.