“Azərbaycan nümayiş etdirir ki, yalnız multikulturalizmin təşviqi ilə dünya irəli gedə bilər”
Martın 14-də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə, o cümlədən hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər iştirak edir.
Yeddinci Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açaraq dünyada sabitliyin olmadığı bir vaxtda planetimizi narahat edən mühüm məsələləri müzakirə etmək imkanı baxımından tədbirin əhəmiyyətini vurğulayıb.
Mərasimdə nitq söyləyən Prezident İlham Əliyev Qlobal Bakı Forumunun dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrildiyini qeyd edib. Azərbaycanın xarici siyasətindən danışan dövlət başçısı bildirib ki, bu, proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasətdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Azərbaycan Prezidenti bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırladıb.
Dövlət başçısı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan danışaraq diqqəti ölkəmizin təşəbbüsü ilə yaradılan və artıq 10 ildir ki, mövcud olan “Bakı Prosesi”nin əhəmiyyətinə yönəldib. Mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”nin BMT tərəfindən də dəstəkləndiyi vurğulanıb.
Dünyada sabitliyin bərqərar olması üçün mühüm amil olan multikulturalizmin Azərbaycandakı ənənələrindən bəhs edən ölkə başçısı deyib: “Bu gün Azərbaycan nümayiş etdirir ki, yalnız multikulturalizmin təşviqi ilə dünya irəli gedə, gərginlik azala bilər”.
Ölkəmizin beynəlxalq təhlükəsizliyə töhfəsini qeyd edən Prezident İlham Əliyev nəqliyyat və enerji layihələrimizdən danışıb, həmin layihələrin beynəlxalq əməkdaşlığın mühüm hissəsi olduğunu vurğulayıb.
Prezident nitqinin sonunda Forumun işinə uğurlar arzulayıb.
Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova Prezidenti İqor Dodon, Monteneqro Prezidenti Milo Dukanoviç, Bolqarıstanın Baş naziri Boyko Borisov çıxış ediblər.
Mərasimdə həmçinin İtaliya Prezidenti Sercio Mattarella, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Mey və BMT-nin baş katibi Antonio Quterreşin Foruma müraciəti oxunub. Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edib.
Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mükafatının 2019-cu ilin təqdimat mərasimi keçirilib. Mükafatlar Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə və Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennediyə təqdim olunub.
Forum işini sessiyalarla davam etdirib.
Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda 10 sessiya keçiriləcək.