Prezident İlham Əliyev martın 13-də “Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən yaradıcılıq ittifaqları və birlikləri milli ədəbiyyatın və ana dilinin inkişafında, xalqımızın zəngin musiqi irsinin dünyada geniş miqyasda tanıdılmasında, teatr, kino və aşıq sənəti ənənələrinin qorunub saxlanılması və təbliğində fəal iştirak edir. Ölkənin mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, habelə Azərbaycanda mədəniyyətin, incəsənətin təbliğində, memarlığın inkişafında yaradıcı kollektivlərin rolu əvəzsizdir.
Sərəncamda, yaradıcılıq ittifaqları və birliklərinin müraciətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat, Bəstəkarlar İttifaqına 650 min manat, Rəssamlar İttifaqına 350 min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 min manat, Azərbaycan Memarlar İttifaqı, Teatr Xadimləri İttifaqı və Aşıqlar Birliyinin hər birinə 250 min manat ayrılıb.