Ölkə başçısının “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” martın 1-də imzaladığı sərəncamın icrası ilə bağlı ciddi işlər görülür.
Sərəncamda Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla, “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması tapşırılıb. Sərəncamın sözügedən bəndinin icrası məqsədilə tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi qrupu yaradılıb.
Ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı, eləcə də nümayişi müəssisələrinə, bu sahədəki ictimai təşkilatlara Mədəniyyət Nazirliyi tərəfindən müvafiq məktublar göndərilərək konsepsiya ilə bağlı təkliflərini təqdim etmək xahiş olunub.
Bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib. Bildirib ki, sərəncamın müvafiq bəndinə əsasən, dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə bir sıra müsabiqələrin keçirilməsi nəzərdə tutulub. İlkin olaraq bu günlərdə tammetrajlı bədii film ssenariləri müsabiqəsinin elan olunması istiqamətində iş aparılır.
Nazirlik rəsmisinin sözlərinə görə, növbəti mərhələdə qısametrajlı bədii filmlər, eləcə də sənədli və cizgi filmləri ilə bağlı müsabiqələrin, gənc kinematoqrafçılara dəstək məqsədilə müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.
Elan olunacaq bədii film müsabiqəsində janr məhdudiyyəti olmadan vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər, uşaq və gənclər, eləcə də müasir həyatın digər prioritet mövzularında ssenarilər iştirak edə biləcək.
İntiqam Hümbətov deyib ki, müsabiqəyə təqdim olunan ssenarilər əsasən tanınmış kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
“Sərəncama əsasən, ölkədə film istehsalını yüksək səviyyədə təmin etmək məqsədilə dövlət kino müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində də işlərin görülməsi nəzərdə tutulub”, - deyə nazirliyin şöbə müdiri vurğulayıb.