Martın 13-də mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Televiziyasında “Günün nəbzi” proqramının qonağı olub.
Verilişdə martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə qaldırılan məsələlər, irəli sürülən təkliflər, dövlət başçısı tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi, eləcə də mədəniyyət sahəsində aparılan islahatlar barədə söhbət açılıb.
Nazir bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü cəmiyyətdə böyük əks-səda doğurub. Görüşdə mədəniyyət və incəsənətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı fikirlər səsləndirilib. Qaldırılan məsələlərə dövlət başçısı tərəfindən dəstək ifadə olunub, müvafiq tapşırıqlar verilib, bəzi məsələlər operativ həllini tapıb.
Qeyd olunub ki, mədəniyyət və incəsənət xadimlərinin mənzil şəraitinin, sosial durumunun yaxşılaşdırılması, onlara fəxri adların verilməsi və digər bu kimi məsələlər daim diqqətdə saxlanılır. Həmçinin ölkə başçısının sərəncamı ilə minimum əməkhaqqının artırılması nəticəsində Mədəniyyət Nazirliyinin sisteminə daxil olan muzeylər, kitabxanalar, klublar və digər mədəniyyət müəssisələrində çalışan işçilərin də əməkhaqqının artırılması təmin olunub.
Teleproqramda latın qrafikası ilə kitabların çap olunması, kitablarımızın beynəlxalq sərgilərdə nümayişi məsələsi haqqında da geniş danışılıb. Musiqi, teatr, folklor festivallarının keçirilməsi, Azərbaycan xalqının yaradıcılıq potensialının nümayişi işinin daha da gücləndiriləcəyi vurğulanıb.
Bildirilib ki, mədəniyyət və incəsənət xadimləri ilə görüşdən sonra Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” və digər sərəncamlar mədəniyyət sahəsinə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsidir. Vurğulanıb ki, ölkə başçısının sərəncamında qeyd olunan milli kinematoqrafiyanın inkişaf konsepsiyası layihəsi ilə bağlı iş aparılır. Nazir həmçinin son illər çəkilən filmlərin beynəlxalq festivallarda ölkəmizi layiqincə təbliğ etdiyini də diqqətə çatdırıb.
Əbülfəs Qarayev deyib ki, ölkə başçısı mədəniyyət sahəsinin inkişafına xüsusi diqqət göstərir. Artıq bir neçə ildir ki, mədəniyyət sahəsində həyata keçirilən sistemli islahatlar bunu bir daha sübut edir. Nazir bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il martın 29-da imzaladığı sərəncama uyğun olaraq 2017-ci ildən nazirliyin Bakı şəhəri üzrə baş idarəsi və 15 regional mədəniyyət idarəsi yaradılıb. Ölkə başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli fərmanına uyğun olaraq Mədəniyyət Nazirliyinin strukturu yenidən formalaşdırılıb. Əbülfəs Qarayev Prezident İlham Əliyevin bu il yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanın ölkəmizdə mədəniyyət sahəsinin müasir tələblərə uyğun inkişafının təmin edilməsi baxımından müstəsna əhəmiyyətini qeyd edib.
Dövlət başçısının mədəniyyət sahəsində islahatların sistemli şəkildə həyata keçirilməsini qarşıya məqsəd qoyduğunu diqqətə çatdıran nazir aparılan islahatlarda insan amilinin əsas götürüləcəyini deyib. Qeyd olunub ki, islahatların məqsədi kiminsə işdən çıxarılması, iş yerlərinin sayının azaldılması ilə bağlı deyil. Başlıca məqsəd mədəniyyət siyasətinin daha effektiv şəkildə həyata keçirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, müasir yanaşma, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi və dövrün tələbələrinə uyğun təşkilidir.
Əbülfəs Qarayev sonda bir daha vurğulayıb ki, mədəniyyət sahəsində həyata keçirilən tədbirlər, görüşlər, islahatlar ümumilikdə Azərbaycan mədəniyyətinin inkişafına, göstərilən mədəni xidmətlərin səviyyəsinin daha da artırılmasını təmin edəcək.
Proqrama aşağıdakı link vasitəsilə ətraflı baxmaq mümkündür: