İnsanlar valideynlərindən daha çox zəmanələrinə oxşayırlar. Bu fikirdə həqiqət nə qədər çox olsa da, bir mübahisə məqamı da var. Valideyn niyə öz zəmanəsi ilə ayaqlaşmasın ki, övladı da ona qarşı çıxsın? Hərçənd XVI-XVII əsrlərin qovuşuğunda yaşamış Aşıq Abbas Tufarqanlı atalar-oğullar probleminin əbədiliyini çox bədii formada mükəmməl ifadə etmişdi:

Ay həzərat, bir zamana gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz.

Haqq aşığı fikrini nə qədər səlis ifadə etmiş olsa da, bu gün ekrandan, efirdən səsləndirilən söz  daha tez eşidilir, daha sürətlə yayılır və şüurlara daha çox nüfuz edir, nəinki ən sərrast deyilmiş poetik söz. Hətta bir qədər də irəli gedib televiziyanın deyil, videoblogerlərin, sosial şəbəkə, İnstagram fəalı olan tanınmışların sözünün geniş kütləyə daha tez çatdığını deyə bilərik. Amma o da var ki, heç də bütün dəyərlər zamanın məhək daşına çırpılıb ovulmur, kiçilmir. Digər tərəfdən, artıq qədim, dəyişməz olduğunu sandığımız dəyərlərin özünün də daha yeni, çağdaş üsullarla təbliği gərəkdir ki, onların qədimliyi gənc nəsildə arxaikliyə yaraşan münasibət oyatmasın.

Bir qədər dərinə getmiş olsaq, görərik ki, Azərbaycan dramaturgiyasının da, bədii kinosunun da ilk nümunələri ailə münasibətlərinin təsviri üstündə qurulub. Hərçənd ilk baxışda böyük Mirzə Fətəlinin “Təmsilat”ına daxil olan komediyalarda da, İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povesti əsasında ekranlaşdırılmış ilk bədii filmimizin də mövzusu cəmiyyətdəki təzadlar, haqsızlıq, insanları geri çəkən dəyərlərlə mübarizə olsa da, bu mübarizələrin hamısı – istər müəllifin pislədiyi, istərsə də təqdir etdiyi mübarizələr məhz ailə dəyərlərini qorumağın üstündə qurulub.

Mirzə Fətəlinin dövrünə görə mübariz, inadkar xasiyyətli qadın qəhrəmanları – Şəhrəbanu xanım, Tükəz, Sona xanım, Səkinə xanım, Pəri xanımla qızları Şölə xanım, Nisə xanım da, Pərizad da öz məramlarından asılı olmadan ailə dəyərlərinin qoruyucusudur.

…Şahbaz bəyin elm, mərifət ardınca Parisə getmək istəyinə çəpər çəkən Şəhrəbanunun məramı qızının qurulacaq ailəsinə yad nəfəsin toxunmaması, özgə dəyərlərin nüfuz etməməsi uğrunda çabalardan başqa bir şey deyil.

…Əri Hacı Qaranı xəsisliyinə görə pisləyən, onun qaçaq mal ardınca getməsini istəməyən Tükəz də ailəsini qorumağın, balalarının daha rahat, daha sıxıntısız böyüməsinin dərdini çəkir.

…Bəy qızı Sona xanım da toysuz gəlin köçməyə, kasıb dolanmağa razıdır ki, təki sevgilisi Heydər bəyə tez qovuşsun, öz ailəsinin xanımı olsun.

Məqsədimiz Mirzə Fətəli Axundzadənin qadın qəhrəmanlarının təhlili olmadığından bu söhbətin dərinliklərinə varmadan, sözümüzə bu günün baxış bucağından nəzər salaraq, davam edirik.

* * *

Bu gün demişkən, haqqında söz açmaq istədiyimiz layihə artıq uzun illərdir ki, uğurlu fəaliyyət ömrü yaşayır. Söhbət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə dəyərlərinin qorunması, yaşadılması ilə bağlı layihəsi – “Azərbaycan ailəsi” film festivalından gedir. Komitənin Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu ilə birgə keçirdiyi festival ilk dəfə 2009-cu ildə baş tutub. Mart ayının 1-də növbəti, “Azərbaycan ailəsi 2019” film festivalına start verilib. Festivalın məqsədi kinematoqrafiya və fotoqrafiya sənəti vasitəsilə ailə dəyərlərinin təbliği, Azərbaycan xalqının əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərinin bu vizual sənət sahələrinin vasitəsilə qorunaraq yaşadılması, hazırda cəmiyyətin üzləşdiyi və ailələrin uzunömürlü olmasına mənfi təsir göstərən problemlərin işıqlandırılmasıdır. Digər bir məqsəd isə sənət həvəsli, peşəkarlıq səviyyəsinin bircə addımlığında olan tələbə gənclərin yaradıcılıq qabiliyyətinin aşkar edilməsi, hələ gənc ikən onların diqqətini və yaradıcılığını milli dəyərlərin, ailə institutunun qorunması istiqamətinə yönəltməkdir. Bütün bu sadalananlarla yanaşı, festival filmləri həm də mədəniyyətin ən ümdə niyyətinə - cəmiyyətin müxtəlif təbəqələrinin vizual informasiya ötürücüləri vasitəsilə maariflənməsinə  xidmət edir. Elə buna görə də festivalda iştirak etmək üçün yetərincə böyük müddət – martın 1-dən oktyabrın 1-dək vaxt ayrılıb, sənət yarışına qatılmaq şərtləri də yaradıcı düşüncə və təxəyyül sahibləri üçün geniş meydan açır.

“Ən yaxşı film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı tələbə filmi”, “Ən yaxşı xarici film”, “Ən yaxşı televiziya layihəsi”, “Vətənpərvərlik ruhunda çəkilmiş ən yaxşı film”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı sosial çarx” və “Sosial şəbəkədə ən çox bəyənilən film” nominasiyalarında ənənəvi olaraq son 5 ildə çəkilmiş fərqli formatlı, yəni qısametrajlı bədii, sənədli, cizgi filmləri, silsilə televiziya verilişləri, sosial çarxlar təqdim edilə bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Raidə Əmirbəyovadan aldığımız məlumata görə, ötən illərdə bu sənət yarışında 339 film iştirak edib ki, onların 39-u 13 xarici ölkəni (Türkiyə, Rusiya, Belarus, Ukrayna, İran, Bolqarıstan, Özbəkistan, Almaniya, Macarıstan, İsveç, Qırğızıstan, Mərakeş və Fransa) təmsil edən kinematoqrafçıların ekran işləridir.

Təkcə ötən il “Azərbaycan ailəsi” kinofestivalının müsabiqə proqramında iştirak etmək üçün təşkilat komitəsinə 5 bədii film, 2 televiziya verilişi (ARB Media şirkətinin televiziya proqramı) 6 sənədli film, 12 tələbə filmi, Rusiya, Belarus, Mərakeş və İrandan 12 xarici film, 1 cizgi filmi, 8 sosial çarx, vətənpərvərlik mövzusunda lentə alınmış 7 film təqdim edilmişdi. Kino festivalı çərçivəsində keçirilən “Həyatdan şəklə” fotomüsabiqəsinə isə 22 iddiaçı 82 fotoşəkil ilə qatılmışdı. Yeri  gəlmişkən, bu il də artıq beşinci dəfə festival çərçivəsində “Həyatdan şəklə” müsabiqəsi də keçiriləcək.

Bir qəzet yazısında 10 ilin qalib filmləri barədə ətraflı söz açmaq qeyri-mümkün olduğundan (fikrimizcə, belə bir ayrıntılı statistikaya ehtiyac da yoxdur) son illərin bir sıra qalib filmləri barədə bir qədər danışmaq istərdik.

2017-ci ildə “Azərbaycan ailəsi” festivalının qalibləri arasında elə adları ilə diqqəti çəkmiş iki film var idi: “Muradına çatmayanlar: apreldən əvvəl və sonra”, bir də  “Ölümə qənşər”.

Birinci film Azərbaycan Mətbuat Şurası, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşəbbüsü və dəstəyilə ərsəyə gəlmişdi. Yazıçı-publisist Bəxtiyar Qaracanın bu sənədli filmi Azərbaycanın ən yeni ictimai-siyasi və hərb tarixinin şanlı səhifəsi olan 2016-cı ilin Aprel döyüşlərinin əhəmiyyətinə və Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevin xatirəsinə həsr olunmuşdu. Təxminən 30 dəqiqəlik xronometrajı olan film müsabiqədə “Vətənpərvərlik mövzusunda ən yaxşı film” olaraq mükafata layiq görüldü. “Sosial şəbəkədə ən çox bəyənilən film” kimi seçilən “Ölümə qənşər” də bitməyən müharibənin igidləri – Milli Qəhrəmanlar Mərifət Nəsibov, Rafiq Aslanov və Şamoy Çobanovun qəhrəmanlığından bəhs edən bədii-sənədli ekran əsəridir. Bir elin övladı olan – Qazax və Ağstafa rayonlarında böyüyüb boya-başa çatmış, Vətən torpaqları uğrunda canlarından keçmiş üç igidin taleyi barədə çəkilmiş sənədli filmin sosial şəbəkələrdə baxış rekordu qırmağı və seçilməsi həm də bir sıra digər stereotiplərin özünü doğrultmaması demək idi. Festival təşkilatçılarının da sosial şəbəkə faktoruna – sıravi tamaşaçı rəyi qədər mühüm amilə dəyər verməsi Azərbaycanın igid oğullarına həsr olunmuş filmlərin diqqətdən yayınmamasına, layiqli mükafatını almasına səbəb oldu.

Haqqında danışmaq istədiyimiz üçüncü film isə elə festivalın məramına və adına tam uyğun gələn, üstəlik, həm də əbədi mövzuya həsr olunub. “İki yad adam”. Görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin hələ ötən əsrin otuzuncu illərində qələmə aldığı “Kəmtərovlar ailəsi”ndə yaşananlar əsərin yazıldığı zamandan təxminən 90 il sonra da öz aktuallığını itirmir. Hüseyn Cavadzadənin “İki yad adam” filmi maddi rifah naminə bir neçə işdə, həm də fərqli saatlarda çalışan gənc ər-arvadın aylarla bir-birini görməməsi, onların bu münasibətindən istifadə edən Xidmətçi qadının oğurluq etməsi, hətta cavanların onlara vurulan zərərdən çox gec xəbər tutması bugünkü maddiyyatçı-istehlakçı cəmiyyətə ciddi ismarışdır. “Addım” təşkilatının layihəsi olan və artıq bir neçə beynəlxalq kinoforumdan əlidolu qayıdan filmin “Azərbaycan ailəsi 2018” yarışmasında da baş mükafatı alması tam məntiqi nəticə  sayılmalıdır.

* * *

On bir yaşına qədəm qoymuş, bu günlərdə 2019-cu il üçün növbəti  müsabiqəsini açıq elan etmiş “Azərbaycan ailəsi” festivalına nə arzulamaq olar? Arzu edərdik ki, festivala təqdim edilən filmlər cəmiyyətimizin bu gün yaşadığı, üzləşdiyi yaramazlıqları ifşa etsin, tamaşaçılara ekranda gördükləri olaylara düşməsinlər deyə, “özgə səhvindən öyrənmək” imkanı versin. Ən böyük arzumuz isə bu olardı ki, “Azərbaycan ailəsi”ndə iştirak etmək istəyənlər cəmiyyətdə damğalanmalı heç nə tapmayıb yalnız müsbət təcrübədən, yalnız xoşbəxt ailələrdən bəhs edərdilər. Axı, təkcə bədbəxt ailələrin yox, xoşbəxt ailələrin də bənzərsizləri olur. 

Gülcahan MİRMƏMMƏD

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur