Köhnə kişilər yazısı gözəl və mükəmməl olan birindən nəsə yazmağı xahiş edəndə deyərdilər ki, bir qələm çal… İşə bax ki, dilimizdə bağ salmaq, ağac əkmək, ən çox da bəhərsiz bir kötüyə can gətirəcək tingi calamaq kimi nəcib bir işə də bəzən qələm vur, qələm çal deyiblər.
Bu Novruzun ağac əkməklə bağlı xoş məramlarından biri də qələm əhlindən gəldi. Azərbaycan Televiziyası “Ədəbi-dram verilişləri” redaksiyasının baş redaktoru, yazıçı-publisist Azər Qismətin sosial şəbəkədə öz həmkarlarına etdiyi çağırış gözəl bir bağın təməlini qoydu. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu təşəbbüsü alqışlayaraq, Bakının Zığ şosesi deyilən ərazisində 3 hektarlıq boş sahəni “Yaşıl qələm” jurnalistlər bağı üçün ayırdı.
Beləliklə, ötən bazar günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında toplaşan jurnalistlər iki avtobusla həmin əraziyə yollandılar. Yaşlı-cavan, televiziya, yaxud qəzet əməkdaşı demədən iki minədək meyvə tingini (yapon əzgili, nar, feyxoa, ərik və d.) torpağa əkdilər. Körpə fidanları külək əyməsin deyə, taxta dayağa bağladılar, ilk qidasını – gübrəsini, suyunu da verdilər, deyə-gülə xeyli şəkil çəkdirdilər.
Qəzetimizin əməkdaşları Gülcahan Mirməmməd və Həmidə Nizamiqızı da “Bu yaz özün bir təbiət yarat!” aksiyasına qoşularaq “Yaşıl qələm” bağında ağac əkdilər.
Aksiyaya qoşulan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə dedi ki, jurnalistlərin təklifi ilə başlayan ağacəkmə aksiyası təkcə Abşeronda deyil, ölkənin digər bölgələrində də davam edəcək. Nazir əkdiyi ağacların taleyindən narahat olan qələm əhlini arxayın etdi ki, “Yaşıl qələm” jurnalistlər bağına müvafiq qurum tərəfindən davamlı qulluq ediləcək.