Ceyms Bond haqqında 25-ci filmdə superagent “Aston Martin” şirkətinin qiyməti 250 min avro olan yeni nəsil elektrokarının sükanı arxasına keçəcək.

Ətraf mühitin daimi müdafiəçisi kimi də tanınan filmin rejissoru Keri Fukunaqa bildirib ki, “Aston Martin” elektromobillərindən birini çəkilişlərə hazırlamaq üçün iş aparılır. Bu şirkətin ilk elektromobili “Rapide E” markalı elektrokardır.

“Aston Martin”in mühərriki benzinlə işləyən avtomobilindən ilk dəfə 1964-cü ildə Agent 007 rolunun ən populyar ifaçılarından biri – Şon Konneri “Qoldfinger” filmində istifadə edib.

Hələlik şərti olaraq “Bond 25” adlandırılan filmin çəkilişləri 2019-cu ilin aprelində başlayacaq. İndiyə qədər britaniyalı superagent barəsində çəkilmiş 24 filmin ümumi kassa yığımı 10 milyard dollar olub.

SƏBİNƏ