Boludakı Koroğlu parkında xalq qəhrəmanının nəhəng heykəlinin açılışı olacaq

Martın 19-da Türkiyənin Bolu şəhərində yerləşən Türk dünyası beynəlxalq Koroğlu parkında çoxdan planlaşdırılan möhtəşəm  “Koroğlu xatirə heykəli”nin təntənəli açılış mərasimi keçiriləcək.

Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), türkdilli ölkələrin təmsilçiləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, elm, mədəniyyət xadimləri iştirak edəcək.

Bununla bağlı məlumat verən Bolu Bələdiyyəsinin sədri Ələddin Yılmaz heykəlin ərsəyə gəlməsində zəhməti olan hər kəsə öz minnətdarlığını bildirib. O deyib ki, Koroğlu bütün Türk dünyasının ortaq tarixi dəyəri və mədəni simvoludur: “2004-cü ildən bəri bütün fəaliyyətlərimizdə, xalq qəhrəmanı Koroğlu ilə qurduğumuz mədəniyyət körpüsü sayəsində Bolunu Türk dünyasını birləşdirən, bir araya gətirən şəhər halına gətirməyi bacardıq. “Koroğlu xatirə heykəli” də Türk dünyasının müştərək abidəsidir. Bu, Boludan Türk dünyasına qurulan körpünün, genişləndirdiyimiz əlaqələrin, sağlam dostluğumuzun nişanəsidir. Hər şəhərin bir simvolu var. Bolu deyincə də, ağıllara öz adı, daşıdığı dəyərlərlə birlikdə xalq qəhrəmanımız Koroğlu gəlir”.

Heykəlin hazırlanması ilə bağlı münsiflər heyətində Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Azərbaycandan (Akif Əsgərov) memarlar təmsil olunub. Münsiflər heyətində müsabiqəyə təqdim edilən əsərlər böyük dəqiqliklə araşdırılıb və nəticədə qazaxıstanlı memar Yedil Tussibbekov və heykəltəraş Murat Mansurovun müəllifləri olduqları heykəl birinci yerə layiq görülüb. Layihənin uğurla başa çatdırılmasında professor Ferit Özşen başda olmaqla bir çox yerli və xarici mütəxəssislərin rolu olub.

Boluda İzzət Baysal küçəsində yer alan əzəmətli Koroğlu heykəli kran vasitəsilə 70 metrlik nəhəng postament üzərində ucaldılıb. Heykəl o qədər hündürdür ki, İstanbul və Ankara avtomobil yolu ilə yanaşı, Bolunun bir çox yerindən də görünür.

Mehparə SULTANOVA
Ankara