Xəbər verdiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin, rayon mədəniyyət və turizm şöbələrinin və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin təşkilati dəstəyi ilə “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi keçirilib. Həftə ərzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınmış 11 ekran əsəri nümayiş olunub. İyunun 27-də Daxili Qoşunların paytaxtın Nərimanov rayonundakı “N” saylı hərbi hissəsində Milli Qəhrəman Qorxmaz Eyvazova həsr edilmiş “Adına yaraşan oğul” sənədli filminin (rejissor Yalçın Verdiyev) təqdimatı keçirilib.
Tədbirdə Milli Qəhrəmanın həyat və döyüş yolundan söhbət açılıb. Bildirilib ki, 1967-ci ildə Laçın rayonunda dünyaya göz açan Qorxmaz Eyvazov 1985-ci ildə sovet ordusu sıralarına çağırılıb. 1987-ci ildə əsgəri xidmətini başa vurub. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlananda Qorxmaz Laçında yaradılan özünümüdafiə dəstəsinə qoşulub. 1992-ci ilin martında Laçın Rayon Polis İdarəsinə işə qəbul edilib. Onun döyüş yolu doğma yurdundan - Qazdərəsi, Suarası və Mazutlu kəndlərindən başlayıb. 1992-ci il avqustun 4-də erməni quldurlarının Qızartı dağına hücumlarının qarşısını alarkən qolundan yaralanır. Sağalan kimi yenidən döyüşə atılan Qorxmaz Eyvazov Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə bölük komandiri təyin edilir. 1994-cü il fevralın 10-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşdə Qorxmaz Eyvazov düşmənin xeyli canlı qüvvəsini məhv edir. Lakin bu döyüşdə özü də həlak olaraq şəhidlik zirvəsinə ucalır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli fərmanı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Tədbirdə çıxış edən Milli Qəhrəmanın qardaşı oğlu İntiqam Eyvazov əmisinin xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.
Milli Məclisin deputatları Qənirə Paşayeva, Aydın Mirzəzadə və Asim Mollazadə çıxışlarında ölkəmizdə şəhid ailələrinə, veteranlara, onların ailə üzvlərinə göstərilən dövlət qayğısından danışıblar. Digər çıxış edənlər də Milli Qəhrəman Qorxmaz Eyvazovun keçdiyi həyat yolundan, Vətənin müdafiəsində göstərdiyi şücaətlərdən bəhs ediblər. Sonra “Adına yaraşan oğul” sənədli filmi nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar