Martın 15-də Heydər Əliyev Mərkəzində fransız heykəltəraş Mauro Kordanın “Zoospektiv və morfospektiv” adlı sərgisi açılıb.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov ölkəmizlə Fransa arasında əlaqələrin inkişafından söz açaraq bu istiqamətdə təşkil olunan sərgilərin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Mərkəzində Fransanın Bernar Buffe və Lorens Cenkellin kimi tanınmış heykəltəraş və rəssamlarının incəsənət əsərləri təqdim olunub.
Sərginin kuratoru Mark Haşim belə bir möhtəşəm məkanda Mauro Kordanın əsərlərini təqdim etmək üçün yaradılan imkana görə təşəkkürünü bildirib: “İnanıram ki, bu incəsənət əsərləri ilə tanışlıq sizin böyük marağınıza səbəb olacaq, onları bir növ özünüz üçün kəşf edəcəksiniz”.
Sərginin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq edən Mauro Korda nümayiş olunan əsərləri haqqında məlumat verib. Bildirib ki, təqdim olunan incəsənət əsərləri bütün hisləri hərəkətə gətirən sənət nümunələridir. Bu əsərlər davamlı, ideyalara əsaslanan fransız heykəltəraşlığının nümunələridir.
Sonra mərasim iştirakçıları sərgi ilə tanış olublar.
M.Kordanın yaradıcılığında portret janrı mühüm yer tutur. O, yaratdığı əsərlərlə insanın daxili aləmini ən müxtəlif mühit və vəziyyətlərdə açır və buna nail olmaq üçün bürünc, keramika, dəmir, mərmər və digər müxtəlif materiallardan istifadə edir. Heykəltəraş heyvanlar aləminə də xüsusi yer verir. Bu əsərlər bir sıra heyvan növlərinin sürətlə tükənməsi kimi qlobal məsələlərə diqqət yönəltmək məqsədi daşıyır. Heykəltəraş vəhşi təbiət və ya zooparklardakı adi heyvan növlərinin tezliklə onun təqdim etdiyi fantastik məxluqlar kimi görünə biləcəyi mesajını verir.
Heydər Əliyev Mərkəzindəki sərgi sentyabrın 15-dək davam edəcək.