Özbək yazıçısı Abdulla Qədirinin yubileyi qeyd edildi

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Ankaradakı qərargahında özbək ədəbiyyatında müasir roman janrının banisi, milli oyanışın simvollarından olan yazıçı və şair Abdulla Qədirinin (Qodiriy; 1894-1938) anadan olmasının 125 illiyi münasibətilə konfrans keçirildi.

“Türk dünyası öncülləri” layihəsi çərçivəsində gerçəkləşən konfransda açılış nitqi ilə çıxış edən TÜRKSOY baş katibinin müavini Fırat Purtaş Türk dünyasında maarifçilik hərəkatı kimi tanınan “Üsuli-cədid” məktəbindən keçmiş, çağdaş özbək ədəbiyyatına istiqamət vermiş Abdulla Qədirinin doğumunun 125 ili münasibətilə bir araya gələn hər kəsə minnətdarlığını bildirdi.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu öz çıxışında millətlər arasında münasibətlərin sirli açarının mədəni fəaliyyətlər olduğunu söylədi: “Türk cümhuriyyətləri eyni ana və atanın fərqli beşiklərdə böyüyən övladlarıdır. Bir-birimizi xatırlamanın və qardaş olduğumuzu unutmamağın yolu bərabər siyasət, ticarət qurmaq və sosial münasibətlərdə olmağımızdır. Bunun da sirli açarı mədəni əlaqələrdir. Atamız İsmayıl Qaspıralının da dediyi kimi, bir gün gələcək, dildə, fikirdə, əməldə bir olacağıq”.

Sonra Y.Topçu Abdulla Qədirinin həyat və fəaliyyətindən söz açdı. Bildirdi ki, ədib “Ötən günlər” kimi milli şüurun oyanmasına xidmət edən əsərlər yazdığına görə sovet hökuməti tərəfindən təqibə məruz qalıb, əsərləri qadağan edilib, həbsə atılıb və sonra da güllələnib. 

Özbəkistanın Türkiyədəki səfiri Alişir Azamhocayev diqqətə çatdırdı ki, Abdulla Qədiri, digər xüsusiyyətləri ilə yanaşı, həm də tərcüməçi olub və dünya klassiklərinin əsərlərini özbək dilinə çevirərək gənc nəslin maariflənməsinə böyük töhfə verib. Səfir çıxışının sonunda həmçinin Türk dünyasının şəxsiyyətlərini tanıdan TÜRKSOY təşkilatına minnətdarlığını bildirdi.

Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Qurumunun (YTB) rəhbəri Abdullah Eren çıxışında türk respublikaları və topluluqları arasında əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyətlərindən bəhs etdi.

Açılış nitqlərindən sonra Abdulla Qədirinin həyat və fəaliyyətindən bəhs edən qısa sənədli film nümayiş olundu.

Tədbir panel ilə davam etdirildi. Sonda Özbəkistanın dövlət sənətçilərinin ifasında əsərlər səsləndirildi.

Mehparə SULTANOVA
Ankara