“Sərhəd bilməyən incəsənət” layihəsində virtual görüş
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Ukrayna Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində “Milli geyimlər və folklor” adlı virtual görüş keçirilib.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Kitabxanasında reallaşıb.
Görüşdə Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Xalça Muzeyində lentə alınmış milli geyimlərin tarixi və Qarabağ xalçaları haqqında videoçarx təqdim edilib.
Məktəblilər maraqlı rəqs kompozisiya ilə çıxış ediblər. Sonra uşaqlar Azərbaycan folkloru, aşıq yaradıcılığı barədə məlumat verib, aşıq sənətinin ən gözəl nümunələrini ifa ediblər.
Novruz bayramı ərəfəsinə təsadüf edən tədbir ölkə hüdudlarından kənardakı uşaq kitabxanaları ilə sıx əməkdaşlıq etməklə uşaqlara yeni dostlar qazandırmaq və iki ölkənin milli geyim və folkloru haqqında oxucuları məlumatlandırmaq məqsədilə keçirilib.
Sonda kitabxananın direktor müavini Zahirə Dadaşova çıxış edərək belə layihələrin uşaqların dünyagörüşünə müsbət təsirini vurğulayıb, əməkdaşlığa görə Ukrayna Milli Uşaq Kitabxanasına təşəkkür edib.