Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamının icrasına uyğun olaraq, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub.
Müsabiqədə ssenari yaradıcılığı ilə məşğul olan istənilən şəxs iştirak edə bilər.
İştirakla bağlı yaş məhdudiyyəti yoxdur.
Müsabiqədə iştirak üçün azbüdcəli tammetrajlı bədii, həmçinin uşaq mövzusunda bədii, qısametrajlı bədii, sənədli və animasiya filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), şəxsiyyəti təsdiq edən sənədin surəti və müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur.
Müsabiqədə iştirak üçün film ssenarisi (və ya ssenariləri) və tələb olunan sənədlər may ayının 1-dək (Azərbaycan Dövlət Film Fondunun baş mütəxəssisi və müsabiqənin Münsiflər heyətinin məsul katibi Leyla Vəzirzadə; ünvan: AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 10) təqdim edilməlidir.
Hər bir müəllif müsabiqəyə vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər, yeniyetmə və gənclər, eləcə də müasir həyatın digər prioritet mövzularında bir və ya bir neçə film ssenarisi təqdim edə bilər.
Müsabiqənin kino mütəxəssislərindən ibarət Münsiflər heyətinin rəyi əsasında ən yaxşı ssenarilər müəyyən edilir və Münsiflər heyətinin apardığı müzakirələr məxfi saxlanılır.
Qaliblərin adları 2019-cu il mayın 20-dək nazirliyin www.mct.gov.az saytında və “Mədəniyyət” qəzetində açıqlanır.
Qalib ssenarilərə dövlət sifarişi ilə cari və növbəti illərdə filmlər çəkilir.
Bu tələblərə cavab verməyən ssenarilərə baxılmır. Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.