Gəncə Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Ramiz Vəliyev, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Nəsibə Eldarova və Mingəçevir Dövlət Dram Teatrının baş rəssamı, Əməkdar rəssam Rafael Haşımov mədəniyyət sahəsində uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə, habelə 60 illik yubileyləri münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə mükafatlandırılıb.
* * *
Əməkdar artist Ramiz Hidayət oğlu Vəliyev 5 fevral 1959-cu ildə anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1985-ci ildən Gəncə Dövlət Dram Teatrının aktyorudur.
Teatrın səhnəsində yaratdığı Apollon (“Sokratla söhbət”, E.Radzinski), Prokuror, Cəbi (“Cavan qadına yaraşan kişi”, “Təhminə və Zaur”, Anar), Əşrəf (“Dəli Kür”, İ.Şıxlı), Kamal (“Əliqulu evlənir”, S.Rəhman), Əziz bəy (“Mürafiə vəkilləri”, M.F.Axundzadə), Mahmud bəy (“Müsibəti-Fəxrəddin”, N.Vəzirov), Cahangir, Nicat (“Atayevlər ailəsi”, “Mahnı dağlarda qaldı”, İ.Əfəndiyev), Oqtay (“Oqtay Eloğlu”, C.Cabbarlı) və başqa obrazlar maraqla qarşılanıb.
Mədəniyyət sahəsində xidmətinə görə 2006-cı ildə Əməkdar artist fəxri adına layiq görülüb, 2013-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib.
* * *
Əməkdar artist Nəsibə Novruz qızı Eldarova 15 yanvar 1959-cu ildə Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib, 1982-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında, 1989-2009-cu illərdə Dövlət Gənclər Teatrında çalışıb. 2009-cu ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirir.
Aktrisa bu illər ərzində Gertruda, Ledi Makbet (“Hamlet”, “Makbet”, U.Şekspir), İblis (“İblis”, H.Cavid), Karmen (“Karmen”, P.Merime), Leyli (“Leyli və Məcnun”, M.Füzuli), Klementina (“Herostratı unudun”, Q.Qorin), Qız, Taclı xanım (“Şah İsmayıl”, K.Abdulla), Xoşbəxt, Ceyran, Həvva (“Ünvansız qatar”, “Onun iki qabırğası”, “Varlı qadın” – Ə.Əmirli), Qız, Aktrisa (“İnək”, “Olum, ya ölüm”, N.Hikmət), Xanım Prisselius (“Uzuncorab Pippi”, A.Lindqren) və başqa obrazlarda səhnəyə çıxıb, həmçinin “Bəyin oğurlanması”, “Yuxu” və s. filmlərdə də yaddaqalan rollar oynayıb.
2014-cü ildə Əməkdar artist fəxri adına, 2018-ci ildə Prezident mükafatına layiq görülüb.
* * *
Əməkdar rəssam Rafael Zeynal oğlu Haşımov 1959-cu il yanvar ayının 28-də Mingəçevir şəhərində anadan olub. 1983-cü ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1989-cu illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib.
Yaradıcılıq fəaliyyətinə 1990-cı ildə Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rəssam kimi başlayıb, 2000-ci ildən teatrın baş rəssamıdır. Bu müddət ərzində 100-dən artıq tamaşaya (H.Cavidin “Afət”, M.Hüseynin “Cavanşir”, “Şeyx Şamil”, İ.Mərcanlının “Xocalı notları”, T.Vəliyevanın “Mənim ağ göyərçinim”, C.Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”, A.Mədətovun “Aylı gecə”, R.Rəhimlinin “Gizli məhəbbət” tamaşaları və s.) bədii tərtibat verib. Quruluşçu rəssamı olduğu H.Cavidin “Ana” tamaşası 2003-cü ildə “Qızıl dərviş” mükafatına layiq görülüb.
Rafael Haşımov 2013-cü ildə Əməkdar rəssam fəxri adına layiq görülüb, 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.