Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşüb.
Görüşdə Azərbaycanın İSESCO ilə əlaqələri, birgə əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılıb.
Nazir bu əlaqələrin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın səyləri nəticəsində davamlı inkişaf edərək daim yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, 2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunması, 2015-ci ilin noyabrında İSESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclasının paytaxtımızda keçirilməsi buna bariz nümunədir.
Əbülfəs Qarayev İSESCO-nun “Bakı Prosesi” və 2011-ci ildən etibarən təşkil olunan mədəniyyətlərarası dialoq forumlarının əsas tərəfdaşı olduğunu, bu ilin 2-3 may tarixində Bakıda keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində İSESCO-nun 2 panel sessiyasının keçiriləcəyini vurğulayıb.
Əbdüləziz Osman Əl-Tüveycri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan və İSESCO arasında əlaqələrin inkişafında müstəsna rolunu yüksək qiymətləndirdiyini bildirib və bu səfəri zamanı dövlət başçısı ilə görüşdə əməkdaşlığın vəziyyəti barədə ona məlumat verdiyini deyib.