“Baku Crystal Hall”da məşhur fırça ustası, Xalq rəssamı Sakit Məmmədovun sərgisi açılıb. Ekspozisiyaya rəssamın 170 əsəri daxildir.

Sakit Məmmədovun 60 illiyinə həsr edilmiş sərgi “Baku Crystal Hall”un rəhbərliyinin və Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə təşkil olunub.

Sərginin açılışında Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və digər çıxış edənlər fırça ustasının Azərbaycan milli incəsənətinin inkişafına və onun xaricdə təbliğinə sanballı töhfələr verdiyini vurğulayıblar.

“Yeni era” Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoli Silov Sakit Məmmədovun incəsənətdə yüksək peşəkarlığına və seçdiyi peşəyə sadiqliyinə görə “Dövrün yaradıcısı” (“Tvorets epoxi”) ordeni ilə təltif olunduğunu bildirib, ordeni və diplomu rəssama təqdim edib.

Mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət, incəsənət xadimləri, çoxsaylı sənətsevərlər sərgi ilə tanış olub, rəssamı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sakit Məmmədovun əsərləri dünyanın bir sıra məşhur qalereyalarında nümayiş etdirilir. Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Avstriya və digər ölkələrdə keçirilən sərgilərin iştirakçısı olmuş Sakit Məmmədovun əsərləri şəxsi kolleksiyalarda və dünya muzeylərində saxlanılır.

Rəssamın “Baku Crystal Hall”dakı sərgisi martın 25-dək davam edəcək.